...

"Qeyrət" təşkilatının sədri: Gürcüstan hakimiyyəti bu ölkədə yaşayan azərbaycanlılara qarşı qərəzli siyasət həyata keçirir

Cəmiyyət Materials 8 Avqust 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Gürcüstan hakimiyyəti bu ölkədə yaşayan azərbaycanlılara qarşı qərəzli siyasət həyata keçirir. Bu barədə çərşənbə günü Bakıda mətbuat konfransı keçirən Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlılar müxtəlif bəhanələrlə dövlət strukturlarındakı işlərindən uzaqlaşdırılırlar. Azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartle bölgəsində dövlət vəzifəsində gürcülər işləyir və azərbaycanlıları işə qəbul etmirlər.

Hərəkat sədri bildirib ki, bunun nəticəsində azərbaycanlı gənclərin 80-85 faizi Gürcüstanı tərk edib: "Həmin gənclər əvvəllər qeyri-leqal şəkildə Bakıda tikintidə işləyirdilər. İndi isə Türkiyəyə gedirlər və orada qeydiyyata düşmədən acınacaqlı bir vəziyyətdə tikintidə və digər yerlərdə işləyirlər".

O qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların durumu ağır olsa da heç kim problemlərin həlli ilə məşğul olmur. Əsgərov bildirib ki, problemlərlə bağlı dəfələrlə Gürcüstan dövlət strukturlarına və beynəlxalq təşkilatlara müraciətlər ediblər. Lakin bunun heç bir nəticəsi olmayıb.

"Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərin bağlanması yolverilməz haldır. SSRİ dövründə Gürcüstanda azərbaycan dilində təhsil verən 280 məktəb olub. İndi həmin məktəblərin çox az hissəsi qalıb. Hansı haqla bizim təhsil hüququmuzu əlimizdən alırlar?" -deyə "Qeyrət" sədri əlavə edib.

Əsgərov Gürcüstanda yaşayan azərbaycanlıların məktəblərin bağlanmasının qəti əleyhinə olduğunı deyib: "Biz hansı dildə istəsək o dildə də təhsil alacağıq. Heç kim bu məsələdə bizə diqtə edə bilməz".

Hərəkat sədri qeyd edib ki, azərbaycanlıların gürcü dilini bilməməsi səbəbindən Gürcüstan cəmiyyətinə inteqrasiya oluna bilmədikləri haqda deyilənlər həqiqət deyil. Onun sözlərinə görə, region ölkələri müstəqillik qazandıqdan sonra 37 min azərbaycanlı gürcü dilində təhsil alıb. Lakin həmin şəxslər də işsizdirlər: "Əgər azərbaycanlıların gürcü dilini öyrənməsini istəyirlərsə, onda azərbaycanlı məktəbləri ilə paralel olaraq gürcü məktəbləri açsınlar. Öz dilini bilməyən xalq xalq deyil. Eyni zamanda Azərbaycanda yaşayan əslən Gürcüstandan olan şəxslərdən bizim işimizə müdaxilə etməmələrini tələb edirik".

Əsgərov deyib ki, 2004-cü ildə qüvvəyə minən "Təhsil haqqında" qanuna görə Gürcüstanda təhsil gürcü dilində olmalıdır. Lakin bu ölkədə yaşayan ermənilər bu qanunu qəbul etmirlər. Onlar özləri üçün qanunlar hazırlayıblar və öz dillərində təhsil alırlar.

Rəsmi məlumatlara görə, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi Kvemo-Kartle (Borçalı) bölgəsində kompakt şəkildə yaşayırlar.

Xəbər lenti

Xəbər lenti