...

Moskvada öldürülən azərbaycanlı iş adamı bir müddət əvvəl qətlə yetirilmiş diaspor fəalının qardaşıdır

Cəmiyyət Materials 30 Avqust 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu gün Moskvada qətlə yetirilmiş azərbaycanlı bir neçə ay əvvəl öldürülmüş diaspor fəalı Çingiz Sarıyevin qardaşıdır. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının rəhbəri İlqar Hacıyev məlumat verib.

Avqustun 30-da gecə saatlar 02.00 radələrində Moskvanın Kosınskaya küçəsi 20 ünvanında naməlum bir şəxs "VAZ 21-06" markalı maşının içərisində olan iki nəfər azərbaycanlıya odl silahdan atəş açıb. Azərbaycanlıları yerindəcə qətlə yetirən şəxs qaçıb gizlənib. Öldürülənlər əslən Azərbaycanın Ucar rayonundan olan 43 yaşlı Səfər Yusifov və 41 yaşlı Şöhrət Sarıyevdir. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. Hadisə yerindən "AKS" markalı avtomatın və "TT" markalı tapançanın gilizləri tapılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Hacıyevin bildirdiyinə görə, hadisənin səbəbləri və kim tərəfindən törədildiyi dəqiq məlum deyil. Lakin hadisəninin şahidlərinin sözlərinə görə, atəş açan şəxs qara maskada olub.

Hacıyev bildirib ki, bir neçə ay əvvəl ölüdülmüş Sarıyev Moskvanın "Veşnyaki" bazarının bir hissəsini icarəyə götürmüşdü. Onun işlətdiyi hissələr meyvə-tərəvəz məhsullarının toptansatışı ilə məşğul olurdu.

Qətlə yetirilən digər şəxs - Yusifov isə Sarıyevin sürücüsü olub. Onun üzərindən şəxsiyyət vəsiqəsi tapılmayıb.

Hacıyev olnu da deyib ki, mərhum Çingiz Sarıyev kimi Şöhrət Sarıyev də Azərbaycan diasporunun fəallarından sayılan iş adamı idi: "Onun yanında çoxlu sayda azərbaycanlılar işləyirdi"- deyə Hacıyev bildirib.

O, əlavə edib ki, qətlin də məhz Sarıyevin işi ilə bağlı olduğu ehtimal edilir: "Prokurorluqdan bildiriblər ki, qətl milli zəmində baş verməyib. İlkin versiyaya görə qətl Sarıyevin iş fəaliyyəti ilə bağlıdır. Görünür, onun yerinə, işinə göz dikənlər olub"- deyə Hacıyev bildirib.

Mərhumların cənazəsi dəfn olunmaq üçün sabah - avqustun 31-də Azərbaycana göndəriləcək.

Xəbər lenti

Xəbər lenti