...

Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub (FOTO)

İdman Materials 5 Oktyabr 2012 16:19 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Peter Seysenbaxer arasında bu barədə müqavilə imzalanıb.
Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Peter Seysenbaxer arasında bu barədə müqavilə imzalanıb.

Peter Seysenbaxerlə dörd il müddətinə bağlanan müqaviləyə əsasən, o, cüdo üzrə Azərbaycan milli komandasını 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarına hazırlayacaq. Peter Seysenbaxer Azərbaycanın kişilərdən ibarət milli komandasının gücləndirilməsi ilə yanaşı, yeniyetmə və gənclərdən ibarət milli komandanın formalaşdırılmasına da cavabdehlik daşıyacaq.

Eyni zamanda, Peter Seysenbaxer qadın cüdo məktəbinin inkişaf etdirilməsi, peşəkar məşqçi və hakim heyətinin hazırlanması prosesinin təkmilləşdirilməsi sahəsində də fəaliyyət göstərəcək. Avstriyalı məşhur cüdoçu ölkənin müxtəlif regionlarından istedadlı yeniyetmə və gənclərin aşkar olunaraq, onların peşəkar idmançı kimi yetişdirilməsi, həmçinin respublikada cüdo idman növünün kütləvi xarakter alması üçün görülən işlərdə də çalışacaq.

İsmayıllıda Cüdo Mərkəzinin inşa olunacağını deyən nazir Fizuli Ələkbərov beynəlxalq turnirlərdə mühüm qələbələrə imza atan milli cüdo yığmasının peşəkarlığının daha da yüksəldilməsinin əsas məqsədlərdən olduğunu deyib.

Tədbirdən sonra İsmayıllı rayonunda inşa olunacaq Cüdo Mərkəzinin təməlqoyma mərasimi olub. Mərasim iştirakçılarına yeni mərkəzin texniki göstəriciləri barədə məlumat verilib və binanın təməli qoyulub. Daha sonra İsmayıllı Olimpiya-İdman Kompleksində gənc cüdoçuların təlim-məşq prosesinə baxış keçirilib.

Məlumat üçün bildirək ki, 1993-cü ildən məşqçilik fəaliyyətinə başlayan Peter Seysenbaxer əvvəllər Macarıstanın cüdo üzrə Olimpiya komandasının baş məşqçisi vəzifəsində çalışıb. 2001-ci ildən 2010-cu ilə qədər "Vyana Budoklub"un baş məşqçisi olan Peter Seysenbaxer 2010-cu ildən Gürcüstannın cüdo üzrə milli komandasına rəhbərlik edib. Son olaraq məhz Gürcüstan yığmasını çalışdıran Peter Seysenbaxerin XXX London Yay Olimpiya oyunlarından sonra bu ölkənin Cüdo Federasiyası ilə müqaviləsinin müddəti başa çatıb.

Xəbər lenti

Xəbər lenti