Azərbaycan, Bakı, 15 may / Trend müxbir M.Əliyev/
Mayın 16-18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (AMOK) nümayəndəsi San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AMOK-dan bildirilib.
"Soçi 2014", "Rio 2016" Olimpiya Oyunlarının menecment standartları, Milli Olimpiya komitələrinin idarə edilməsi qaydaları, Olimpiya dəyərlərinin təbliği metodları və s. kimi əhəmiyyətli mözvuları özündə ehtiva edən tədbirin proqramında 2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müzakirələrə də geniş yer ayrılıb.
Tədbirin ilk günündə AMOK Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirakçılar qarşısında Birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı təqdimatla çıxış edəcək. Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-nin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos da tədbirdə təmsil olunan Milli Olimpiya komitələri qarşısında ötən ayın sonunda komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verəcək.