Azərbaycan, Bakı, 18 may / Trend/
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu daxili qurumlar arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol çempionatı keçirib.
Artıq 4 ildir keçirilən mini-futbol çempionatında Muğan, Gəncə, Bakı, Sumqayıt, şimal, şimal-qərb, cənub, aran regional mərkəzlərindən 24 qurum olmaqla 250-ə yaxın idmançı çıxış edib.
Mayın 13-də keçirilən püşkatmada qeydiyyatdan keçən 24 komanda "A", "B", "C", "D" yarımqruplarına bölünüb.
14-17 may tarixində qurumlararası keçirilən oyunlar dairəvi sistem ilə həyata keçirilib. Ələkbər Hüseynovun hakimlik etdiyi ¼ final oyunları Olimpiya sistemi ilə oynanılıb. "A" yarımqrupundan Dövlət Yanğından Mühavizə Xidməti (DYMX) və Mülki Müdafiə Qoşunları (MMQ), "B" yarımqrupundan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) və Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), "C"-dən Akademiya və Maddi Texniki Təchizat İdarəsi (MTTİ), "D" yarımqrupundan isə Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) və Gəncə Regional Mərkəzi (Gəncə RM) ¼ finala vəsiqə qazana bilib.
¼ final oyunlarında DYMX 12- 2 Gəncə RM, TTNDA 1-0 MTTİ, XRXX 3- 2 MMQ, Akademiya 5- 3 DSXX hesabları ilə yarımfinala keçməyə hüquq əldə ediblər. Yarımfinalda DYMX 6-1 hesabı ilə TTNDA-nı, Akademiya 4-2 hesabı ilə XRXX-nı məğlub edib və finala keçiblər.
Yarımfinal oyunlarının nəticəsinə görə TTNDA və XRXX 3-cü yerə layiq görülüblər.
Final oyununda isə DYMX və Akademiya üz-üzə gəlib. Gərgin keçən mübarizədən sonra DYMX 1 həftə davam edən mini-futbol yarışının qalibi olub.
Yarışın bombardiri Səfərov Anar, ən yaxşı qapıçı isə Səttarzadə Rəşad seçilib.
Ümumilikdə, yarış ərzində keçirilən 67 qarşılaşmada 1254 qol vurulub.