Azərbaycan, Bakı, 11 iyul /Trend/
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, təmsilçilərimizdən "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Slima" ilə qarşılaşıb.
Maltada rəqibi ilə 1:1 bərabərə qalan Con Toşakın komandası bu görüşün əsas favoriti hesab olunurdu.
Lənkəran stadionunda keçirilən oyun "Xəzər Lənkəran"ın qələbəsilə başa çatıb (1:0).
Qeyd edək ki, "Xəzər Lənkəran" ikinci mərhələdə İsrailin "Makkabi" (Hayfa) klubu ilə üz-üzə gələcək.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində turnirdəki növbəti təmsilçimiz "Qarabağ" klubu doğma meydanda "Metallurq"la üz-üzə gəlib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisini bu görüşdə istənilən heç-heçə də qane edirdi.
Tofiq Bəhramov adına respublika stadionunda keçirilən oyunda "Metallurq"u 1:0 hesabı ilə məğlub edən "Qarabağ" növbəti mərhələyə keçib.
Təmsilçimiz burada Polşanın "Piast" klubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində turnirdəki növbəti təmsilçimiz Bakı "İnter"i Finlandiyada "Mariehamn" klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Bakı vaxtı ilə saat 22:00-da başlayan oyun 2:0 hesabı ilə başa çatıb və "bankirlər" növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, "İnter" növbəti mərhələdə "Tromso" (Norveç) ilə qarşılaşacaq.