...

Mariana Vasileva: Azərbaycanlı gimnastlar Avropa çempionatında milli musiqi sədaları altında çıxış edəcəklər

İdman Materials 12 İyun 2014 15:20 (UTC +04:00)
Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında milli musiqi sədaları altında çıxış edəcəklər.
Mariana Vasileva: Azərbaycanlı gimnastlar Avropa çempionatında milli musiqi sədaları altında çıxış edəcəklər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında milli musiqi sədaları altında çıxış edəcəklər. Trend-in məlumatına görə, bu barədə iyunun 13-dən 15-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

Onun sözlərinə görə, seniorların qrup komandası "Sarı gəlin" xalq mahnısının sədaları altında çıxış edəcəklər.

M.Vasileva qeyd edib: "Sizi sevindirə bilərəm: idmançılarımız, həmçinin Müslüm Maqomayevin "Mavi əbədiyyət" mahnısının sədaları altında iki lent və üç topla çıxış edəcəklər. Bundan əlavə, çempionatın açılışını buraxmamağı tövsiyə edirəm, siz yarışın gedişində çoxlu milli elementlər görəcəksiniz".

Baş məşqçinin sözlərinə görə, azərbaycanlı gimnastlar özlərini dünyada ən yaxşı gimnastlar kimi göstərə biliblər: "Yığmada nəsil dəyişkənliyi çox rəvan və qısa oldu. Gənc gimnastlarımız Marina Durunda və Lalə Yusifova özlərini Avropada və dünyada ən yaxşı gimnastlar kimi göstərdilər. Belə ki, onlar artıq Avropa və dünya çempionatlarının final mərhələlərinə düşüblər, Marina Durunda isə bu il Qran-pri və Dünya Kuboku mərhələlərinin daimi mükafatçısı olub. Macarıstanda keçirilən Dünya Kuboku mərhələsində Azərbaycanın Dövlət himni səsləndirildi. Ona görə mən də, federasiya da ümid edirik ki, onlar Bakıdakı turnirdə də özlərini göstərəcəklər".

O, qeyd edib ki, seniorların və yuniorların uğurla çıxış etməsi çox mühümdür: "Mən maksimalistəm, seniorların da, yuniorların da, qrup komandasının da bizim onlardan tələb etdiyimiz səviyyədə uğurla çıxış etməsi çox mühümdür. Yığmada ikinci yerə digər namizədlər Nilufər Niftəliyeva, Ayşən Bayramova və Gülsüm Şəfizadə idi. Bayramova adlarını çəkdiyim və bir az daha çox təcrübəyə malik digər idmançılar kimi çox perspektivli və gənc gimnastdır, onun cəmi 15 yaşı var. Nilufər ilə Gülsüm arasında çox ciddi rəqabət var, amma Şəfizadə iş prosesinə daha ciddi yanaşır".

Bədii gimnastika üzrə yubiley - 30-cu Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. Qitənin 33 ölkəsindən 258 idmançı 9 medal dəsti uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti