...

Azərbaycanın "Formula 1"-ə ev sahibliyi haqqında müqavilə imzalaması bu yarış üçün yeni mərhələnin başlanğıcıdır

İdman Materials 25 İyul 2014 20:22 (UTC +04:00)
Azərbaycan 2016-cı ildə Bakı şəhərində yeni "Formula 1® Grand-prix" tədbirini keçirmək barədə müqaviləni imzalamaqla, dünya idman səhnəsində özünü bir daha tanıtmağa müvəffəq oldu.
Azərbaycanın "Formula 1"-ə ev sahibliyi haqqında müqavilə imzalaması bu yarış üçün yeni mərhələnin başlanğıcıdır

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Azərbaycan 2016-cı ildə Bakı şəhərində yeni "Formula 1® Grand-prix" tədbirini keçirmək barədə müqaviləni imzalamaqla, dünya idman səhnəsində özünü bir daha tanıtmağa müvəffəq oldu.

"Avropa Formula 1 Grand-prix" kimi tanınan yarış "FIA Formula One World Championship™" təqvimində olan digər marşrutlara rəqib ola biləcək Bakı küçələri ilə, orta əsrlərdən miras qalan İçərişəhərin, müasir göydələnlərin və Xəzər dənizinin möhtəşəm mənzərəsi fonunda baş tutacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib: "2016-ci ildə "Formula 1" yarışını Bakıya gətirmək üçün müqavilənin imzalanması haqqında rəsmi məlumatı sizinlə bölüşməyimdən çox şadam. Bizim ölkə Şərqi Avropa və Qərbi Asiyanın qovşağında yerləşir ki, bu da "Formula 1" yarışları üçün yeni sərhəd deməkdir. Azərbaycan idman mükəmməliyi mərkəzi kimi şöhrət qazanmış müasir Avropa ölkəsidir. "Formula 1" yarışının Bakıda keçirilməsi üçün əldə olunan razılıq ölkəmizə dünyanın ən böyük idman tədbirlərini cəlb etmək sayəsində davam edən uğurlar sırasında çox əhəmiyyətli yeni bir addımdır".

Marşrutun hansı küçələrdən keçməsi üzrə dəqiq dizayn və xəritələr hələ hazır olmasa da, A.Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi kimi ehtimala görə Bakının Azadlıq meydanının seçiləcəyini, yarışın özünün isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi əsas mənzərəli küçələrdən keçəcəyini qeyd edib.

Nazir bildirib ki, Bakıda "Avropa Formula 1 Grand-prix" yarışının keçirilməsi "Formula 1" təqviminə möhtəşəm bir əlavə olacaq: "Planlaşdırdığımız dizayn "FIA Formula One World Championship" təqvimində olan aparıcı küçə sxemlərinə bənzər olacaq".

Azərbaycanın "Formula 1®" üçün ən möhtəşəm sxem yaratmaq istəyi "Formula One" şirkətlər qrupunun baş icraçı direktoru Berni Eklestoun tərəfindən də müsbət qarşılanıb: "Biz Bakının "Formula 1" ailəsinə qoşulmasından məmnunuq. Yarış Bakının maraqlı və mənzərəli hissələrindən keçəcək küçə yarışı olacaq. Tədbir "Formula 1" yarışının mövcud meyarlarına uyğun olacaq".

2012-ci il "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi üçün inşa edilən Kristal Zalı və Dövlət Bayrağı Meydanını əhatə etməklə, Bakının mənzərəli küçələri ilə qurulan yarış marşrutu üzrə son iki ildə keçirilən tədbirlər nəticəsində Bakı beynəlxalq avtomobil yarışları üzrə üstün təcrübəni artıq toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti