...

Stolüstü tennis məşqçiləri üçün seminar keçirilib

İdman Materials 19 Sentyabr 2015 17:56 (UTC +04:00)
Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası ilə birgə layihəsinə əsasən sentyabr ayının 13-dən 20-dək Bakı və respublikanın regionlarında fəaliyyət göstərən 30-dan artıq məşqçi-müəllimlər üçün sertifikatlaşdırılmış seminar keçirilib.
Stolüstü tennis məşqçiləri üçün seminar keçirilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası ilə birgə layihəsinə əsasən sentyabr ayının 13-dən 20-dək Bakı və respublikanın regionlarında fəaliyyət göstərən 30-dan artıq məşqçi-müəllimlər üçün sertifikatlaşdırılmış seminar keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, seminarın təşkilində əsas məqsəd ölkənin müxtəlif regionlarından olan yerli məşqçilərin ixtisasının artırılmasıdır. Beynəlxalq Stolüstü Tennis Federasiyasının ( İTTF ) I dərəcəli sertifikatlarını əldə etmək üçün keçirilmiş ilk seminar olan bu tədbir texniki, taktiki, fiziki və psixoloji aspektlərdən ibarət olub.

20 nəfər ən yaxşı məşqçi gələcəkdə daha yüksək dərəcə olan II dərəcəni almaq imkanı qazanacaq, iki il ərzində isə onlar ən yüksək dərəcə sayılan III dərəcəyə malik ola biləcəklər. Seminar müxtəlif hazırlıq qruplu məşqçilər üçün təşkil olunub. Nəzəri mərhələnin sonuncu günü paralimpiyaçıların təsnifat aspektlərinə, yarış qaydalarının dəyişdirilməsinə, yarışlar zamanı paralimpiyaçılatın müşayiət edilməsinə, ayrı-ayrı texniki elementlərin öyrənilməsinə həsr olunub. Seminarda video nümayişdən də istifadə olunmuş və məşqçilər praktiki məşğələlərdə fəal iştirak etmişlər. Sonda iştirakçılara İTTF-nin beynəlxalq sertifikatları təqdim edilib.

Seminara təcrübəli belarus idman mütəxəssisi, 2008-ci ildən Beynəlxalq Stolüstü Tennis Federasiyasının Yüksək İdman Ustalığı Məktəbinin məşqçisi Aleksey Yefremov rəhbərlik edib.

Seminarın bağlanışı mərasimində Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildini vurğulamış, son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən danışıb.

F.Məmmədov stolüstü tennis yeniliklərinin və azyaşlılarla işləməyin yeni metodlarının yerli mütəxəssislərə öyrədilməsində seminarın əhəmiyyətini diqqətə çatdırıb.

Beynəlxalq Stolüstü Tennis Birliyinin nümayəndəsi Aleksey Yefremov Azərbaycana ilk dəfə gəldiyini və Bakının gözəlliyinə vurğun olduğunu bildirmişdir. Azərbaycanda idmana və stolüstü tennisə verilən qiymətə görə Beynəlxalq Stolüstü Tennis Birliyi adından ölkə rəhbərliyinə minnətdarlığını və bu seminarın yerli məşqçi-müəllimlər beynəlxalq tennis aləminə inteqrasiya olunmasına təkan verəcəyini vurğulayıb.

Seminar iştirakçısı Billurə Eminova tədbirin yüksək səviyyədə təşkil olunduğunu və məşqçi-müəllimlərin önəmli yeniliklərlə tanış olduğunu diqqətə çatdırıb, seminar iştirakçıları adından idmanın inkişafı üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Mərasimin sonunda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti