Bakı. Trend:
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.
Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Göygöy Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirir.
Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Təlim-məşq toplantısında həmçinin, Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də iştirak edir.
Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və 30-dək davam edəcək.
Yunan-Roma güləşi yığmamızın təlim-məşq toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edir. Kuba yığmasının heyətində ikiqat Olimpiya, 5 qat dünya və 8 qat Pan-Amerika çempionu Mijain Lopez (130 kq), Dünya və 3 qat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıb.
Sərbəst güləşçilərimiz də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirir. Kuba sərbəst güləş yığmasının heyətində Dünya və Pan-Amerika çempionatlarının qalib və mükafatçıları yer alıb.
Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.