...

Çin millisinin məşqçisi: Biz Bakıya qələbə üçün gəlmişik (FOTO)

İdman Materials 13 Mart 2017 18:01 (UTC +04:00)
16-19 mart tarixlərində Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək.
Çin millisinin məşqçisi: Biz Bakıya qələbə üçün gəlmişik (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Biz Bakıdakı Dünya kubokuna gənc və iddialı idmançıları gətirmişik, inanırıq ki, bir neçə medal qazana bilərik.

Bunu Trend-ə idman gimnastikası üzrə Çin milli komandasının məşqçisi Şuven Hu deyib.

O, Bakıya beş idmançının gətirildiyini deyib: “Bu yeni Olimpiya dövrüdür və biz idmançıları Tokio Olimpiadasına hazırlayırıq”.

Nümayəndə heyətinin rəhbəri son dövrlərdə Çin idman gimnastikasının bir qədər zəifləməsinin səbəbini izah etməkdə çətinlik çəkib: “Amma məşqçilər və gimnastlar daha yaxşı nəticələr əldə etmək üçün öz üzərində çalışır”.

Çinli məşqçi Dünya kubokunda əsas rəqib olaraq Yaponiyanı, ayrı-ayrı növlərdə isə - atda Macarıstanı, halqalarda Yunanıstanı, fərdi çıxışda İsraili göstərib.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti