Bakı. Ənvər Məmmədov - Trend:
"Renault" komandasının pilotu Colyon Palmer qəza səbəbindən Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sərbəst yürüşünü dayandırıb.
Trend-in məlumatına görə, 8-ci döngədə (Qoşa Qala qapılarının yaxınlığında) C.Palmet Serxio Peres kimi dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyib və maneəyə çırplıb.
Bütün bolidlər pit-leynə qayıdıb, C.Palmerin bolidini isə marşallar təxliyə edirlər.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.