...

Özbəkistanda yaşayan güləşçimiz 3 qat dünya çempionu olub (FOTO)

İdman Materials 16 Oktyabr 2017 13:46 (UTC +04:00)
Mais İbadov dünya çempionu olub.
Özbəkistanda yaşayan güləşçimiz 3 qat dünya çempionu olub (FOTO)

Bakı. Trend:

Bolqarıstanda keçirilən veteranlar arasında güləş üzrə dünya çempionatında Özbəkistanda yaşayan azərbaycanlı güləşçi Mais İbadov dünya çempionu olub.

Bu barədə Trend-ə Diaspor Jurnalistləri Birliyindən məlumat verilib

M.İbadov bu yarışda finala kimi Almaniya, Moldova və Bolqarıstan güləşçilərini məğlub edib. Finalda isə İran güləşçisinə böyük hesabla qalib gələrək veteranlar arasında 3-cü dəfə dünya çempionu adını qazanıb.

İdmançımız qələbəsindən danışıb: “Mən bu yarışa ötən ilin noyabrından hazırlaşmağa başlamışdım. Hədəfim çempion olmaq idi. Şükürlər olsun ki, məqsədimə çatdım: Azərbaycanın bayrağını qaldırdım, himnimiz səsləndirildi. Bundan böyük xoşbəxtlik yoxdur. Özbəkistandakı soydaşlarımız mənə inanırdılar. Mən də soydaşlarımızın inamını doğrultdum. Mən hər zaman Azərbaycanın bayrağını qaldırmışam. Azərbaycanla yaşayıram və nəfəs alıram. Bu gün Azərbaycan güclü dövlətdir və dünyada tanınır. İnanıram ki, diasporun dəstəyi ilə gələcəkdə Özbəkistanda, eləcə də dünyanın digər ölkələrində güclü idmançılarımızın sayı daha çox olacaq”.

3 qat dünya çempionu ona bu yarışa hazırlaşmaqda dəstək göstərənlərə minnətdarlığını bildirib: “Bir ilə yaxın idi ki, məni bu yarışa Özbəkistanda Koldaş Asrakulov hazırlaşdırırdı. Eyni zamanda Azərbaycanda sərbəst güləş üzrə idmançımız Elman Əsgərovla daim əlaqə saxlayıb fikir və təcrübələrindən yararlanırdım. Hər iki idmançıya öz minnətdarlığımı bildirirəm. Ayrıca Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin işçilərinə təşəkkür edirəm”.

M.İbadov Azərbaycan Güləş Federasiyasının ona göstərdiyi diqqəti də xüsusi dəyərləndirib.

Xatırladaq ki, M.İbadov 1994-cü ildən Özbəkistanda yaşayır. Güləş üzrə Azərbaycan, SSRİ və Asiya çempionu olub. Beynəlxalq dərəcəli idman ustasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti