...

Vladislav Qədirov: AZFAR Biznes-Liqası turniri futbolun və sağlam həyat tərzinin təbliği üçün yaxşı fürsətdir (FOTO)

İdman Materials 31 May 2018 18:03 (UTC +04:00)
Respublika günündə ABL Yaz Kuboku 2017/18 turnirinin son oyunları keçirilib.
Vladislav Qədirov: AZFAR Biznes-Liqası turniri futbolun və sağlam həyat tərzinin təbliği üçün yaxşı fürsətdir (FOTO)

Bakı. Trend:

Məlum olduğu kimi, mayın 28-də Respublika günündə ABL Yaz Kuboku 2017/18 turnirinin son oyunları keçirilib. Bu münasibətlə, final matçından əvvəl, biz AZFAR futbol məktəbinin baş məşqçisi, 1987-ci ildə SSRİ-nin yeniyetmələr yığmasının heyətində U-16 dünya çempionu olmuş Vladislav Qədirova bir neçə sual ünvanladıq.

- Vladislav Əzizoviç, turnir haqqındakı ilk təəssüratlarınız nədən ibarətdir?

- İlk təəssüratıma əsasən deyə bilərəm ki, turnir həqiqətən xoşuma gəldi. Keçirilən oyunları və AZFAR tərəfindən turnirin təşkilatını çox bəyəndim. Bu baxımdan bütün iştirakçıları və turnirin təşkilatçılarıni təbrik edirəm. Bu gün həm də Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi qeyd olunur. Buna görə də birinci və üçüncu yerlər uğrunda oyunların məhz belə bir gözəl gündə keçirilməsi münasibətilə bütün oyunçuları və təşkilatçıları təbrik etmək istəyirəm. Hər kəsə uğurlar və baxımlı oyun arzulayıram.

- Fikrinizcə bu turnir bizim futbola nələr verə bilər?

- İlk növbədə, bu turnir futbolun və sağlam həyat tərzinin təbliğatı üçün gözəl imkandır. İnsanlar burada olmaqdan xoşbəxtdirlər. Mənim bildiyimə görə, reqlament qaydalarına əsasən turnirdə son dörd il ərzində peşəkar səviyyədə çıxış etməyən oyunçular iştirak edə bilər. Mən burada vaxtilə həm birinci liqada, həm də yüksək liqada mənim komandalarımda çıxış etmiş bəzi oyunçular gördüm. Bu insanlar futbolu tərk etməyiblər. Onlar müxtəlif təşkilatlarda çalışsalar da, öz işlərilə məşğul olsalar da, futbol oynamağa davam edirlər və onların futboldan uzaqlaşmaması çox vacibdir. Biz bu gün buraya öz futbol məktəbimizin uşaqlarını da gətirmişik və uşaqlar üçün yaxşı təbliğatdır. Bu cür turnirlər nə qədər çox olarsa, nəinki futbol, həm də Azərbaycan xalqının sağlam həyat tərzinə marağı də yüksələr.

- Bir az AZFAR futbol məktəbi haqqında danışaq. Məktəbiniz neçə müddətdir ki, fəaliyyət göstərir?

- Məktəbimiz bu il yanvarın 15-də açılıb. Qısa müddətə baxmayaraq, bizim məktəbə çox sayda uşaq gəlir və artıq təxminən 80-85 uşaq məşq edir. Fürsətdən istifadə edərək demək istəyirəm ki, məktəbimizdə təşkilatçılıq yüksək səviyyədədir, yaxşı infrastrukturu var və peşəkar məşqçilər çalışır. Həqiqətən də istedadlı uşaqlarımız var. Onlarla işləyib yaxşı çalışdırmaq lazımdır, və kim bilir, bəlkə gələcəkdə onların arasında Azərbaycan milli komandasının heyətində çıxış edənlər olacaq.

- Mümkündür. nəzərə alsaq ki, Robinyo, Ronaldinyo kimi bir çox məşhur braziliyalı futbol ulduzları futbolun ilk sirrlərinə məhz mini futbolda yiyələniblər.

- Bəli, ancaq bizim kiçik meydançalarda məşq etməyimizin səbəbi, uşaqların kiçik olmalarıdır. Gələcəkdə biz daha böyük meydanlarda məşq keçəcəyik. Hələ ki, bizim uşaqlar üçün bu meydançalar kifayətdir. Böyük meydançanı da bölüb bir hissəsində məşq etmək mümkündür. Biz oktyabr ayında AZFAR futbol məktəbinin komandası olaraq AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında iştirak etmək istəyirik.

- Hansı yaş qrupu üzrə iştirak etməyə hazırlaşırsınız?

- Hazırda bunun üzərində çalışırıq. Hansı yaş qrupu üzrə daha çox uşaq yığılsa, həmin yaş qrupu üzrə iştirak edəcəyik.

- Məktəbinizdə komandalar neçə yaş qrupu üzrə bölünür?

- Təvəllüdü 2004-cü ildən 2012-ci ilə qədər olan altı yaş qrupumuz var.

- Maraqlı söhbətə görə təşəkkür edirik, Vladislav Əzizoviç və sizə uğurlar arzulayırıq.

- Mən də təşəkkür edirəm. Sizə çoxlu bu cür maraqlı turnir arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti