...

Ağır atletika üzrə mərhələ yarışları keçirilib

İdman Materials 30 Yanvar 2019 12:43 (UTC +04:00)

Bakı. Trend:

19-27 yanvar tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olub.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda yanvarın 19-da Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulublar. 23-24 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, yanvarın 26-27-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxıblar.

Birinci mərhələ yarışlarında ümumilikdə 300-dən çox atlet mübarizə aparıb.

Yarış şəxsi xarakter daşıyıb və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılıblar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti