Bakı. Cani Babayeva - Trend:
Çıxış zamanı elementlərdən birini yerinə yetirərkən kiçik səhvə yol verdim.
Bunu Trend-ə Gürcüstan gimnastı Natela Bolatayeva deyib.
O bildirib ki, daha yaxşı çıxış edə bilərdi:
“Yəqin ki, həyəcan özünü göstərdi. Dünya çempionatında güclü gimnastlar çoxdur, biz bir-birimizdən geri qalmamağa çalışırıq”.
Gimnast vurğulayıb ki, Bakıda çıxış etmək rahatdır, çünki Milli Gimnastika Arenası ona yaxşı tanışdır.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.