...

Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı

İdman Materials 7 May 2021 13:32 (UTC +04:00)
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı

Bakı. Cani Babayeva - Trend:

Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur.

Bunu Trend-ə Polşa gimnastı Milena Veronika Qurska deyib.

O bildirib ki, bədii gimnastika üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi xəbərindən məmnun olub:

"Bu, mənim Bakıda yarışlarda üçüncü iştirakımdır. Bakının gimnastika arenası mənim üçün doğma məkandır. Bakıda mənim üçün hər zaman rahatdır".

Gimnast özünün bugünkü çıxışından çox razı qalmadığını bildirib. O əlavə edib ki, Milli Gimnastika Arenasında bütün sanitar-epidemioloji tələblərə riayət olunur:

"Dünya Kubokunun təşkilatçılığına gəldikdə, zal çox gözəl hazırlanıb. Pandemiya şəraitində bütün təhlükəsizlik normalarına əməl olunur. İdmançılara məşq və uğurlu çıxışlar üçün bütün zəruri şərait yaradılıb".

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta "AGF Trophy" kuboku təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti