...

Qızıl medal məşqçimizə ən gözəl hədiyyə oldu - Azərbaycan gimnastları (FOTO)

İdman Materials 6 Mart 2022 20:43 (UTC +04:00)
Qızıl medal məşqçimizə  ən gözəl hədiyyə oldu - Azərbaycan gimnastları (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Qazanılan qızıl medal məşqçimiz üçün ən gözəl hədiyyə oldu.

Bunu Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında qızıl medal qazanan qadın qrupumuzun üzvləri Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə deyiblər.

Xatırladaq ki, Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında 28,930 xalla birinci yeri tutub.

"Bugünkü çıxışımız əla alındı, özümüzü topladıq və proqramı gözəl yerinə yetirdik. Buna görə də qızıl medal aldıq. Bizə dəstək olan, uğurumuza inanan hər kəsə təşəkkür edirik", - deyə Leyla Bəşirova bildirib.

Nəzrin Fərmanova vurğulayıb ki, yarışlardan ən müsbət təəssüratlar qalıb və qazanılan təcrübə gələcək üçün böyük təcrübə olacaq.

"Mən də komanda yoldaşlarım kimi bugünkü nəticədən çox razı qaldım. Çox məşq etdik, yarışa hazırlaşdıq, hesab edirəm ki, qrupumuz bu medala layiq idi", - deyə Mənsumə Məmmədzadə əlavə edib.

Gimnastlar bildiriblər ki, onlar üçün ən rahatı balans hərəkətlərini yerinə yetirməkdir.

"Finalda biz kombinə edilmiş hərəkətlər təqdim etdik, onda səhv etmək olmazdı. Etiraf edirik ki, Vətənimizdə çıxış etmək məsuliyyətlidir, lakin biz böyük dəstək hiss etdik, bu, bizə güc və stimul verdi. Yarışda güclü rəqiblər var idi, hamı mükafat uğrunda mübarizə aparırdı", - deyə idmamçılar bildirib.

Azərbaycan gimnastları qeyd ediblər ki, onların hərəkətlərində çətin elementlər də var idi.

"Elementlər asan deyildi və biz bu yarışlarda başqa ölkələrin gimnastları arasında belə proqramlara rast gəlmədik. Ən əsası, öhdəsindən gəldik. Bu tərkibdə qrup beş ildir ki, çıxış edir və bu müddət ərzində biz bir-birimizə öyrəşmişik və tam etibar edirik".

Qeyd edək ki, Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları 3-6 mart tarixlərində keçirilib. İlk dəfə Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 24 ölkədən 438 gimnast iştirak edib. Yarışda 13-19 yaş kateqoriyasında Azərbaycan qadın qrupu birinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti