...

Xətai rayonunda "Çempionumuz" sosial layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

İdman Materials 31 May 2022 16:51 (UTC +04:00)
Xətai rayonunda "Çempionumuz" sosial layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 265 nömrəli tam orta məktəbdə “Çempionumuz” sosial layihəsi çərçivəsində boks üzrə Avropa çempionu, həmçinin dünya və Avropa mükafatçısı Nicat Hüseynov ilə gənclərin görüşü keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb: “Gənclərin idmana marağının artırılması onlarda vətənpərvərlik hissinin formalaşmasında və zərərli vərdişlərdən uzaq olmasında mühüm rol oynayır. Bu baxımdan ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların idmana marağının artırılmasında mühüm əhəmiyyət kəsb edir.” Vüqar Rəhimzadə qeyd edib ki, ölkə iqtisadiyyatının intensiv inkişafı bütün sosial sahələri, o cümlədən idman və bədən tərbiyəsini əhatə edir: “Məhz bu diqqətin və qayğının nəticəsidir ki, bu gün Nicat kimi çalışqan, Vətəninə, xalqına bağlı idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırır, beynəlxalq yarışlarda, turnirlərdə himnimizi səsləndirib, üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırırlar. Dövlət başçısının idman sahəsinə diqqət və qayğısı, idmançılara göstərilən etimad, Prezident İlham Əliyev tərəfindən edilən təltiflərin hər biri idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.”

Daha sonra çıxış edən məktəbin direktoru Yeganə Qurbanova bildirib ki, idmançı Nicat Hüseynov Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin yetirmələrindən biridir: “ Nicat 2021-ci ildə məktəbi bitirərək elə həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. O, uşaqlıqdan bu sahəyə maraq göstərib, daim öz üzərində çalışıb. Nicat iki dəfə respublika çempionu, “Heydər Əliyev Kuboku - 2019” turnirinin qalibi, həmçinin Ukraynada, Rusiyada, Gürcüstanda beynəlxalq turnirlərin qalibi, 2019-cu, 2021-ci illərdə Polşada keçirilən dünya, həmin il Monteneqroda baş tutan Avropa çempionatının mükafatçısı və 2022-ci ildə Xorvatiyanın Porec şəhərində U19-22 Avropa çempionatının qalibi olub”.

Direktor Y.Qurbanova son illərdə Azərbaycan gənclərinin idman sahəsində qazandıqları nailiyyətlərin xüsusilə diqqətəlayiq olduğunu qeyd edərək bildirib : “Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, bu gün Azərbaycan dövlətinin siyasətində gənclərin fiziki tərbiyəsi və sağlamlığı əsas prioritetlərdəndir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər. Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtəolunacaq nüfuz qazanıb.”

Nicat Hüseynov da öz növbəsində idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıya, beynəlxalq yarışlarda idmançıların layiqincə iştirak etməsi, uğur qazanması üçün görülən lazımi tədbirlərə, yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana diqqət və qayğısını əks etdirən məqamlardan biri də idmançıları və bu sahədə çalışanları dövlət mükafatları, fəxri adlarla təltif etməsidir. Dövlətimizin başçısı idman sahəsinə aid onlarla Sərəncam imzalayıb. 2021-ci ildə bir sıra yeni idman mərkəzləri istifadəyə verilib.”

İdmançının atası Namiq Hüseynov bir valideyn kimi oğlunun hər uğuruna sevindiyini dilə gətirərək söyləyib ki, peşəkar idmançılarımızın uğurları yetişməkdə olan gənc nəsildə bu sahəyə marağı daha da artırır. N.Hüseynov qeyd edib ki, valideynlər övladlarının sağlam ruhda böyümələri, Azərbaycanın üçrəngli bayrağını daim zirvələrə yüksəltmələri üçün onlara dəstək olmalıdırlar.

Daha sonra Nicat Hüseynovla xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti