Bakı. Trend:
İyunun 15-də Bakıda "MiniBoss Business School Baku" Milli Çempionatı keçirilib.
Trend-in məlumatına görə, çempionatda 6-17 yaşlı uşaq və yeniyetmələrin müxtəlif sahələr üzrə, o cümlədən mühəndislik, incəsənət, kulinariya, keramika və s. layihələri təqdim olunub. İctimai xadimlərin, biznes və investisiya ekspertlərinin daxil olduğu münsiflər heyətinə 12 komanda öz layihələrini təqdim edib.
Komanda üzvləri öz layihələri, onların yaradılması ideyaları, hədəf auditoriyası və həyata keçirilməsi imkanları haqqında danışıblar. Münsiflər heyəti üzvlərinin layihələri ilə bağlı suallarını cavablandıran komanda üzvləri liderlik keyfiyyətləri, natiqlik, sahibkarlıq, idarəçilik və yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər. Öz növbəsində münsiflər heyətinin üzvləri layihənin həyata keçirilməsinin müxtəlif sahələrinə diqqət yetirərək komandalara biznesin aparılması ilə bağlı dəyərli tövsiyələr veriblər.
"MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova qeyd edib ki, 6-17 yaş kateqoriyası üzrə gənc startapçılar arasında ölkə çempionatı ikinci dəfədir ölkəmizdə keçirilir:
"Bu ilin aprel ayında keçirilən startap forumunda gənc iştirakçılar innovativ və kreativ ideyalarını təqdimat formatında təqdim ediblər. Startap forumunda 12 komanda iştirak edib və münsiflər heyəti tərəfindən sponsorların dəstəyi ilə onlara minimum məbləğ 400, maksimum 5000 manat məbləğində vəsait ayrılıb. Startap forumu zamanı bəzi iştirakçılar məhsullarını nümayiş etdirib, daha sonra müxtəlif satış mərkəzlərində təqdim ediblər. Bu gün baş tutan ölkə çempionatı komandalar arasında yarış xarakteri daşıyıb. Çempionatda qalib gələn komanda Beynəlxalq Çempionatda iştirak etmək imkanı qazanıb".
"MiniBoss Business School Baku"nun direktoru Elman Əliyev Azərbaycanın "MiniBoss Biznes School" üzrə Beynəlxalq Çempionatda iştirakının birinci ilində ölkəmizin nümayəndələrinin üçüncü yeri tutduğunu xatırladıb ki, bu da iştirakın birinci ili üçün kifayət qədər yaxşı nəticədir.
Bu gün təşkil olunan ölkə çempionatında "MiniBoss Business School Baku", eləcə də paytaxtın digər dövlət və özəl məktəblərinin komandaları iştirak ediblər.
Münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən, ölkə çempionatında "Smart Carbon" komandası 642 xal toplayaraq 1-ci, "Infanimals" komandası 2-ci (590 xal), "Pastyllicous" komandası isə 3-cü yeri (559xal) tutub. Qalib və mükafatçılara çempionat kuboku təqdim olunub.
Bütün iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "MiniBoss Business School Baku" uşaq və yeniyetmələr üçün biznes məktəbidir. "MiniBoss Business School Baku" biznes bilikləri ilə yanaşı, liderliyi, biznes və komanda üçün məsuliyyəti öyrədir. "MiniBoss Business School Baku"da məşğələlər sayəsində uşaqlar yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirirlər. Onlar həmçinin ideyalarını startap şəklində həyata keçirmək, sonra isə hazır məhsulu təqdim etmək imkanı əldə edirlər.