Bakı. Trend:
Azərbaycanla son oyunu uduzduğumuzu yaxşı xatırlayırıq.
Trend xəbər verir ki, Estoniya millisinin hücumçusu, 2015-2017-ci illərdə "Qəbələ"nin formasını geyinmiş Sergey Zenyov eksklüziv olaraq İdman.biz üçün Azərbaycanla oyun haqqında danışıb.
"Azərbaycanla son oyunu uduzduğumuzu yaxşı xatırlayırıq (0:2). Azarkeşlərimizin qarşısında əvəz çıxmalıyıq. Ona görə də bizim üçün müsbət nəticəyə ümid edirik. Düşünürəm ki, Azərbaycan millisinin heyəti o oyundan bəri çox dəyişməyib. Ona görə də bizi yaxşı rəqiblə çətin oyun gözləyir", deyə Zeynov vurğulayıb.
35 yaşlı futbolçu Azərbaycanda keçirdiyi iki mövsümü də xatırlayıb: “Ən xoş xatirələr... Ölkə, şəhər, insanlar - hər şey əla idi. Çox təəssüf ki, çempion ola bilmədik. Avropada nəticələr yaxşı idi, ardıcıl iki mövsüm qrupda oynadıq. Həm komanda, həm də məşqçimiz yaxşı idi”.
Hazırda Tallinn "Flora"sının formasını geyinən Zenyov Estoniya millisində 113 oyuna 17 qol vurub. O, Azərbaycanla qarşıdakı matça da dəvət alıb.