Bakı. Trend:
EY şirkətinin Azərbaycandakı ofisi Bakıda MHBS-yə dəyişikliklər üzrə seminar keçirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, 24-25 noyabr 2016-cı il tarixlərində EY şirkətinin Azərbaycandakı ofisi “Four Seasons Hotel Baku” mehmanxanasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) edilmiş son dəyişikliklər üzrə illik seminar keçirib.
Seminarı EY şirkətinin Moskva ofisinin Audit üzrə baş meneceri Valentina Xromova və EY Tbilisi ofisinin Audit üzrə meneceri Dmitro Lurgeleviç aparıblar. Seminarda iri beynəlxalq və yerli şirkətlər, o cümlədən Azərbaycanda fəaliyyət göstərən banklar iştirak ediblər. Təqdimatlarda MHBS-yə edilmiş son dəyişikliklər və onların praktik tətbiqi açıqlanıb. İştirakçılar sessiya zamanı praktik məsələlərin həlli yollarını müzakirə ediblər.
Valentina bildirib: “Qeyd etmək istəyirəm ki, bizim müştərilərlə sıx təmasda qalmağımız və bilikləri yeniləməklə eyni platformada dayanmağımız həm müştərilərimiz, həm də onların auditoru qismində çıxış edən şirkətimiz üçün son dərəcə önəmlidir. Keçirilmiş tədbir qarşıdakı illərdə mühasibat uçotunda baş verəcək mühüm dəyişikliklər baxımından xüsusilə faydalı oldu və ümid edirəm ki, müştərilərimizin həmin dəyişikliklərə hazır olmasına kömək etdi. Tədbirin təşkili və ruhu olduqca gözəl idi.”
“Bank müştərilərimizə MHBS-yə illik yeniliklər barədə xəbər vermək mənə çox xoş oldu. Seminarın gündəliyi müştərilərin tələbləri əsasında hazırlanmış və əsas etibarı ilə gələcəkdə qüvvəyə minəcək standartları – məsələn 9 saylı “Maliyyə alətləri” standartını – diqqət mərkəzində saxlamışdır. Maliyyə hesabatlarına göstəriləcək təsiri operativ qiymətləndirmək və idarə etmək məqsədilə müştərilərin rəhbərliyinin qüvvəyə minəcək standartlara diqqət yetirməsinə şad oldum” - deyə Dmitro Lurgeleviç tədbir haqqında fikirləri ilə bölüşüb.
Paşa İnşaat şirkətinin Daxili Audit və Uyğunluq Məsələləri üzrə direktoru Nigar Əliyeva qeyd edib: “Bu, şirkətlərin yaxın gələcəkdə tətbiq etməli olacağı MHBS-dəki əsas dəyişikliklərin çox ətraflı, faydalı və eyni zamanda qısa təqdimatı oldu. Praktik materiallar müzakirə olunan dəyişikliklərin anlaşılması üçün çox faydalı oldu. Mənim üçün ən maraqlı məsələ icarələrin uçotu ilə bağlı dəyişikliklərdir. Bu dəyişikliklərin əhəmiyyətli olduğuna görə onların tətbiqi qabaqcadan planlaşdırılmalıdır. Tədbir çox xoş və mehriban mühitdə keçdi. Çox sağ olun".