Bakı. Trend:
Bakıda 3-cü Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Konfransda iştirak etmək üçün 155 nəfər qeydiyyatdan kecib. Azərbaycandan olan iştirakçılar arasında arıçılarla bərabər, müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələri həyata keçirən ictimai birliklərin nümayəndələriləri də var.
Yerli və xarici mütəxəssislər, o cümlədən arıçılıq birliklərinin nümayəndələri Azərbaycan arıçılarını müasir arı saxlama texnologiyaları ilə tanış edəcəklər. Türkiyədə yayımlanan "Bereket TV" kanalının çəkiliş qrupu da qonaqlar sırasındadır. Bundan başqa, bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya konqresinin təşkilat komitəsinin və elmi şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələri də onfransda iştirak edəcəklər. Konfransda arıcılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.
Konfrans 4-6 fevral tarixlərində Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən AF Oteldə keçiriləcək.