Bakı. Trend:
Müsahibimiz bir müddət öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı "Duty Free" mağazalarından onlayn alış-veriş imkanı yaradan “MyDutyFree” layihəsinin rəhbəri Katerina Furtakdır. Katerinanın 30 yaşı var. Kiyevdə yaşayır. Ailəlidir, bir övladı var.
Linqivistika və electron ticarət sahələri üzrə iki ali təhsilə sahibdir. Elektron ticarət sahəsində fəaliyyətə də elə tələbəlik illərindən başlayıb. Müxtəlif turizm agentliklərində, inşaat şirkətlərində və electron ticarətlə bağlı layihələrdə çalışıb. Səyahət etməyi çox sevir. Dünyanın 20-dən çox ölkəsində olub. Elə bu səbəbdən də electron ticarət və turizm sahəsi ilə eyni anda fəaliyyət göstərə biləcəyi bir iş axtarıb. Bu axtarışlar onu "MyDutyFree" komandasına gətirib çıxarıb.
- Siz layihə rəhbəri olmaqla yanaşı, həm də bir xanımsınız. Bu Sizə hansısa çətinliklər yaratmır ki?
- İdarəçilik həm xanımlar, həm bəylər üçün çox çətin və məsuliyyətli işdir. Sən hər zaman qərarlanını gözdən keçirməlisən. Bəzən verdiyin qərar səni hədsiz xoşbəxt edə bilər və ya çox böyük peşmançılıq yaşada bilər. Xanımlar üçün çətinliklər dedikdə bu məsuliyyətin şəxsi həyata nüfuz etməsini qeyd etmək olar. Məsələn, ailədə və ya dostlar arasında münasibətlərdə də Səndən hər zaman uğur, formada qalmaq gözləntisi olacaq. Yəni sanki iş həyatındakı uğurları şəxsi mövzularda da davam etdirmək öhdəliyin yaranır.
-Sizin proqram nədən bəhs edir?
- "MyDutyFree" proqramı "Duty Free" mağazalarından onlayn şəkildə alış-veriş etmək imkanı yaradan proqramdır.
Çox təəccüblü olsa da vergilərdən azad ticarət zonası olan "Duty Free" mağazalarından onlayn alış-veriş imkanı hələ də tam olaraq mövcud deyil. Alıcılar yalnız hava limanına getdikdən sonra bu mağazalardakı məhsullarla tanış olur və alış-veriş edə bildirdilər. Biz bu stereotipi aradan qaldırırıq. Belə ki, bizim istifadəçilər, artıq səyahət etməzdən öncə - yəni hava limanına gəlməzdən qabaq bizim saytdan və ya mobil tətbiqetmələrimiz vasitəsilə "Duty Free" mağazalarında olan məhsullar və qiymətlərlə tanış olur, onlayn alış-veriş edə bilirlər.
"MyDutyFree" qlobal bir layihədir və sürətlə müxtəlif ölkələrin bazarlarına daxil olur. MyDutyFree-nin əsas məqsədi otel və aviabilet bron etmək kimi, səyahətçilərə əsas duty-free məntəqələrindən alışveriş etmək üçün əlverişli bir vasitə rolunu oynamaqdır. Bununla da" MyDutyFree" bütün səyahət prosedurlarını onlayn olaraq həll edən, turistlərə duty-free mağazalardan alışveriş etmək üçün innovativ bir həll üsulu təklif edir.
Qlobal bazarda uğurla irəliləyən "MyDutyFree" xidməti artıq Azərbaycan bazarına da daxil olub. Yanvar ayından etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səyahət edən alış-veriş həvəskarları "MyDutyFree" xidmətlərindən istifadə edirlər. Səyahətçilər üçün 10% endirim imkanı yaradan "MyDutyFree" onlara "Duty Free" mağazalarından onlayn şəkildə axtardıqları məhsulları daha ucuz qiymətə əldə etmək imkanı verir. Beləliklə, bizim məqsədimiz təkcə istifadəçilərin rahatlığını təmin etmək deyil, eyni zamanda daha sərfəli qiymətlər təqdim etməkdir.
-Sistem necə işləyir?
-Səyahət edən şəxs MyDutyFree.Net saytına daxil olaraq və ya mobil tətbiqini (Android), (iOS) yükləyərək istədiyi məhsulu sifariş verir və hava limanlarında yerləşən "təslimat nöqtələrindən” sifariş verdiyi məhsulu təslim alır.
Platformadan məhsulu sifariş verdikdən sonra MyDutyFree tərəfindən məhsul paketlənərək təslimat nöqtəsində saxlanılır. Müştəri isə səyahət edəcəyi hava limanındakı MyDutyFree nöqtəsinə yaxınlaşaraq hazır məhsulunu satın alır, sıra gözləmək və digər cansıxıcı prosedurlardan azad olur, duty-free üstünlüklərindən (orjinal məhsullar, yüksək keyfiyyətli və brend məhsulların ən ucuz qiymətləri və s.) yararlanır. Bu zaman isə səyahət edən şəxs, MyDutyFree-dən sifariş verdiyi təqdirdə 10% endirimlə alışverişini tamamlamış olur. Başqa sözlə, MyDutyFree, səyahət və alışveriş həvəskarları üçün duty-free ticarəti sürətli və daha ucuz olaraq təklif edən bir servisdir.
MyDutyFree - websaytında və ya mobil tətbiqetməsində daimi yenilənən məhsul və qiymət kataloqundan rahatlıqla seçim etmək mümkündür. Və son olaraq səyahət edən şəxslər üçün, "paylaşılmış alışveriş səbəti” funksiyası da mövcud olan MyDutyFree, dostlarının sifariş etdikləri məhsulları səyahət edən şəxsin təhvil ala bilməsi üçün onun hesabına icazənin verilməsini də təmin edir.
-İndiyə qədər hansı beynəlxalq layihələrdə, tətbirlərdə iştirak etmisiniz? Nə kimi uğurlarınız var?
- Demək olar ki, İKT və startup mövzusunda əksər beynəlxalq tədbirlərdə iştirak edirik. Bu yaxınlarda belə bir tədbir Türkiyədə baş tutacaq "StartUp Turkey" olacaq. Bu Avrasiya regionunu əhatə edən və çox böyük qlobal şirkətlərin də təmsil olunduğu bir tədbirdir. Burada biz həm yeni əlaqələr qazanacaq, həm startup ekosistemindəki yeniliklərlə tanış olacaq, həm də gördüyümüz işi təqdim etmək imkanı qazanacağıq. Etiraf edim ki, mən bu cür tədbirlərə qatılmağı və öz işimizdən danışmağı çox sevirəm. Çünki 1 ilə yaxın fəaliyyət göstərməyimizə baxmayaraq, böyük uğurlar qazanmışıq, regionun bir neçə ölkəsində kifayət qədər istifadəçi toplaya bilmişik. Bizim xidmət Azərbaycanla yanaşı, Rusiya, Ukrayna və Belarusda da uğurla fəliyyət göstərir və istifadəçilərə 7-15% arası endirimlər təqdim edir.
-Bir qədər də bu işi Sizinlə birgə görən insanlardan, yəni Mydutyfree komandasından danışaq.
-Hazırda Mydutyfree komandasında 13 əməkdaş təmsil olunur. Bu komanda Mydutyfree-nin əsas kapitalıdır. Məhz bu insanların əməyinə və təcrübəsinə görə biz bu qədər qısa müddətdə bu qədər uğur qazana bilmişik. Bizim komanda professional dizaynerlər, marketoloqlar, proqramistlər, content menecerlərdən ibarətdir, amma ən əsası onlar bu bacarıqları ilə yanaşı öz işlərini çox sevirlər.
Şirkət idarəçiliyində üç nəfər var. Bunlar mən –yəni Katerina Furtak (CEO), Aleksandr Gusarov (CPO), Marina Lyubimova (məsləhətçisi)-dır. Bu şəxslərin hər birinin öz fəaliyyət sahəsi, ixtisaslaşması mövcuddur. Məsələn, mən uzun müddət iqtisadiyyat sahəsində fəaliyyət göstərmişəm. Elektron ticarət (e-commerce, sharingeconomy), biznesin inkişafı və turizm iqtisadiyyatı sahəsində çox uğurlu layihələrim və startuplarım olub.
Saşa —məhsulun inkişafı üzrə nümayəndəmizdir. Məhsulun inkişafı ilə bağlı bütün texniki məsələlər ona aiddir. Aleksandr MyDutyFree ailəsinə Ukraynanın məşhur electron ticarət platformalarından biri olan OLX Ukraine-dan gəlib. İT sahəsində dərin biliyi və təcrübəsi sayəsində komandamızım gücünə güc qatmaqdadır.
Marina Lyubimova - MyDutyFree komandasının ilk üzvlərindəndir. Bir sıra dünya brendləri, OgilvyGroup kimi qlobal reklam agentliyində çalışdığından bu sahənin mütəxəssislərindən hesab olunur. Marinanın PR və marketinq sahəsində təcrübəsi bizim qlobal bazara olan iddialarımızı daha da artırır.
Qısacası, komandamızda təmsil olunan hər kəsin bilik, bacarıqları, təcrübəsi bizim üçün əvəzsiz imkanlar və potensial vəd edir.
- Layihənizlə bağlı gələcək planlarınız nələrdir?
-Hazırda iki istiqamət üzrə intensiv işlər aparılır. Biri təqdim etdiyimiz xidmətin daha çox ölkədə bazara çıxarılması, digəri isə bir qədər fərqli istiqamətlərdə mağazaları da şəbəkəmizə inteqrasiya etməkdən ibarətdir. Rusiya, Ukrayna, Belarusiya ilə yanaşı Azərbaycanda - Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında da xidmətimizi təqdim etmək imkanı bizim üçün çox böyük addımdır. Bundan sonra hədəfimiz Gürcüstan, Qazaxıstan və digər MDB ölkələri, həmçinin Yaxın Şərq ölkələri, Türkiyə, Misir kimi ölkələrin bazarına çıxmaqdır. Bundan əlavə Afrika ölkələrindəki hava limanları ilə də əməkdaşlıqla bağlı danışıqlar aparılmaqdadır.
Bundan əlavə xidmətimizə Diplomatic Shops, Duty Free onarrival – yəni təyyarə göyərtəsində mövcud olan mağazalar, həmçinin duty-paid mağazalarını da cəlb etmək niyyətindəyik.Yəni bizim xidmət vasitəsilə istifadəçi sərhədləri havada, suda, avtomobildə keçməsinə baxmayaraq, onlayn şəkildə azad ticarət zonalarından faydalanmalıdır.
-Bakıdan olan istifadəçiləriniz üçün hansı yeniliklər nəzərdə tutulub?
-Daha öncə də qeyd etdiyim kimi Azərbaycan bazarı bizim üçün çox böyük əhəmiyyət kəsb edir və buradakı fəaliyyətimizdən qürur duyuruq. Hazırda Bakıda lokal əməkdaşlıqlar, partnyor şirkətlərlə əlaqələrin qurulması, tənzimlənməsi istiqamətində işlər aparırıq. Bu əməkdaşlıqlar sayəsində biz tezliklə Bakıdan olan istifadəçilərimizə daha çox yeniliklər və sərfəli təkliflər təqdim edə biləcəyik. Bundan əlavə sistemimizdə hazırda ilk olaraq Azərbaycandan olan istifadəçilər üçün nəzərdə tutulan “müştərək zənbil” yeniliyi mövcuddur. “Müştərək zənbil” vasitəsilə hətta istifadəçi özü səyahət etməsə belə, MyDutyFree vasitəsilə DutyFree mağazalarından onlayn alış-veriş edərək dostu və ya səyahət edən yaxın adamı vasitəsilə sifarişlərini əldə edə biləcək.
- Əməkdaşlıqlardan danışdınız. Beynəlxalq səviyyədə hansı partnyorlarınız mövcuddur?
Əlbəttə ki, hər bir yenilik istər-istəməz bütün diqqətləri üzərinə cəmləyir. Bizim xidmətlərimizlə də maraqlanan şirkətlərin və qurumların sayı çoxdur. Bu məqsədlə əməkdaşlıq proqramlarının hazırlanması bizim əsas priotitetlərimizdən biridir. Bizim əməkdaşlıq məqsədimiz istifadəçilərimizə daha çox yenilik, sərfəli şərtlər və bonuslar təqdim etməkdən ibarətdir. Bu məqsədlə artıq bir çox qlobal şirkətlərlə əməkdaşlıq əlaqləri qurulub. Bunlara misal olaraq, MasterCard, S7 aviaşirkəti , TUI и JoinUp tur operatorları, Radisson otellər şəbəkəsini qeyd etmək olar. Bundan əlavə digər şirkətlərlə də əməkdaşlıqla bağlı danışıqlar aparılmaqdadır.