Bakı. Trend:
14 km uzunluğunda olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verilib.
Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.
Avtomobil yolunun 6.5 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri artıq yekunlaşıb. Yolun sözügedən hissəsinin 80 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.
Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri aparılır. İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılır. Bundan öncə isə bu hissədə aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılaraq yekunlaşdırılıb.
Avtomobil yolunun eni isə 7-9 metr arası dəyişirdi. Yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12.5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd edək ki, avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.