Bakı. Trend:
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 4 təhsil, 4 tibb, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 1489,4 min manat vəsaitin yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə, 1200,4 min manatının nəzarət obyektlərinin bank hesablarına və kassalarına nağd qaydada ödənilməklə, 69,4 min manatının isə malgöndərən və podratçı təşkilatlara olan kreditor borcların azaldılması yolu ilə bərpası təmin edilmiş, 6 büdcə təşkilatında aparılmış yoxlamalarla aşkar edilmiş 1762,9 min manat məbləğində nöqsanların ciddiliyini nəzərə alaraq həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılmış ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 55,1 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib. Hesabat dövründə aparılmış yoxlamalarla İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsində nəzərdə tutulan inzibati xətalara yol verilməsi müəyyən edilməklə ümumilikdə 107,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş 4 büdcə təşkilatı üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər inzibati xətalara yol verməsi müəyyən edilən vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq, Baş Prokurorluğun Mingəçevir şəhər, Lənkəran, Beyləqan və Laçın rayon prokurorluqlarına göndərilib.
Yuxarıda göstərilənlərlə bərabər, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına əsasən, 5 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılıb və cəmi 169,0 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib. Hesabat dövründə həmçinin, Baş Prokurorluğun məkubları ilə baxılması üçün Maliyyə Nazirliyinə göndərilmiş müraciətlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə inzibati ərazi dairəsində və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında, eləcə də Dövlət Maliyyə Nəzarəti Xidmətinə daxil olmuş müraciət üzrə Neftçala Rayon İcra Hakimiyyətinin Neftçala Rayon Kommunal Müəssisələri Kombinatında araşdırmalar aparılıb və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib, habelə aşkar edilmiş nöqsanlar üzrə müvafiq tədbirlər görülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktubla məlumat verilib.
Hesabat dövründə, habelə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən, 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirləri yekunlaşdırılmış və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilib, 2 hüquqi şəxs üzrə nəzarət tədbirləri hal-hazırda davam etdirilir.
2017-ci ilin I yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 321 vəzifəli şəxsə 258,3 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.