...

Bakıda "Rəqəmsal Bankçılıq və Təhlükəsizlik" beynəlxalq konfransı keçiriləcək

İqtisadiyyat Materials 13 Noyabr 2017 13:29 (UTC +04:00)
Bakıda "Rəqəmsal Bankçılıq və Təhlükəsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.
Bakıda "Rəqəmsal Bankçılıq və Təhlükəsizlik" beynəlxalq konfransı keçiriləcək

Bakı. Trend:

Gələn ilin aprel ayında Bakıda MDB və regional bankların iştirakı ilə “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” adlı konfrans keçiriləcək.

Tədbir Türkiyənin bank innovasiyaları üzrə lideri Denizbank (Sberbank), VİSA, Intertech (Sberbank) və dünyanın nüfuzlu kibertəhlükəsizlik və anti-virus şirkətlərindən biri hesab olunan “Kasperski Laboratoriyası” şirkətlərinin dəstəyi və FA International Trade Events (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Konfrans Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına istinad olaraq Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal “nou-hau”, xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaq.

Tədbirdə Azərbaycan bank və maliyyə qurumlarının rəhbərləri ilə yanaşı Gürcüstan, Rusiya, Qazaxıstan və Qırğızıstan mərkəzi banklarının nümayəndələrinin və MDB və Avropa ölkələrinin banklarının rəhbər heyətinin iştirakı gözlənilir. Azərbaycanın bank sistemində bu istiqamətdə həyata keçirilmiş tədbirlər, cari vəziyyət, yerli bank və maliyyə qurumlarının rəhbərləri tərəfindən geniş müzakirə olunacaq.

Konfransda rəqəmsal bankçılıq ona keçid və gələcək imkanları haqda Denizbank(Sberbank), İBM, TEB-BNP Paribas (Türkiyə Ekonomi Bankası), UBİQ innovations, KüveytTürk və başqa bankların məsul şəxslərinin çıxışları olacaq. Kibertəhlükəsizlik, internet və mobil bankçılıq təhlükəsizliyi, ATM təhlükəsizliyi sahəsində müasir tədbirləri barədə ORACLE maliyyə xidmətləri, Microsoft, Paypal, İntertech (Sberbank), KOD-A, Fit Solutions, Kasperski Labaratoriyaları və b. şirkətlərindən olan spikerlər çıxış edəcək. Çıxışlar dəyirmi masa müzakirələri və iştirakçıların suallarına cavablar şəklində tamamlanacaq.

Həmçinin, maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, Unionpay, AliPAY(ALİBABA), VİSA, Mastercard kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Belə bir regional maliyyə tədbirinin məhz Azərbaycanda keçirilməsi qeyri-neft sektorunda həyata keçirilən uğurlu islahatların nəticəsidir. Maliyyə sektorunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması Azərbaycanı regionun maliyyə mərkəzinə çevirəcək strategiyanı mümkün edir.

Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti