...

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı BMT-nin İKT mükafatı namizədləri arasındadır

İqtisadiyyat Materials 1 Fevral 2018 10:09 (UTC +04:00)
BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) Azərbaycanın Rəqəmsal Ticarət Qovşağını mötəbər İKT mükafatı olan “WSIS 2018” namizədləri arasına daxil edib.
Azərbaycan Rəqəmsal Ticarət Qovşağı BMT-nin İKT mükafatı namizədləri arasındadır

Bakı. Trend:

BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) Azərbaycanın Rəqəmsal Ticarət Qovşağını mötəbər İKT mükafatı olan “WSIS 2018” namizədləri arasına daxil edib.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Azərbaycanın Rəqəmsal Ticarət Qovağı Beynəlxalq Telekommunikasiya Birliyinin (https://www.itu.int/net4/wsis/prizes/2018/) saytında, “İKT-nin biznesdə tətbiqi” bölməsində yer alan 38 nominant layihədən biridir.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanın bu innovativ və rəqəmsal layihəsinin belə bir beynəlxalq müsabiqədə yer alması böyük nailiyyətdir:

“Bu dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından sayılan BMT-nin və onun tərkibindəki Beynəlxalq Telekommunikasiya Birliyinin Azərbaycanda innovativ iqtisadiyyat quruculuğuna verilən bir dəyərdir. İlkin mərhələdən keçən Rəqəmsal Ticarət Qovşağı, növbəti mərhələyə adlaya bilmək üçün yetəri qədər xal yığıb ilk 5 yerdən birini tutmalıdır. Səs vermə hazırda BTB-nin internet səhifəsində aktivdir və bütün istifadəçilər üçün açıqdır”.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) BMT-nin informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış bir təşkilatıdır. Bu qurum tərəfindən hər il keçirilən WSIS Forumunda İKT sahəsində inkişaf yönümlü layihələr həyata keçirən iştirakçılar arasından namizədlər seçilir və mükafatlandırılır. Namizədlərin seçimi zamanı İKT-nin gücünü inkişafda istifadə etmək əsas meyar olaraq nəzərə alınır. Burada fərdi şəxslərin, hökumətlərin, vətəndaş cəmiyyətinin, yerli, regional və beynəlxalq təşkilatların, elmi qurumların və özəl sektorun müxtəlif layihələrinə baxılır, qiymətləndirilir və ən çox səs toplayanlar mükafatlandırılır.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı 22 Fevral 2017 tarixində imzalanan “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı üzrə verilən göstərişlərə uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti