...

Bu il 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq

İqtisadiyyat Materials 27 Aprel 2018 00:30 (UTC +04:00)
Bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq.
Bu il 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq

Bakı. Trend:

Bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Qorxmaz Hüseynov 2018-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Q.Hüseynov bildirib ki, ümumilikdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində layihələrin icrası tam yekunlaşıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub. Prezidentin bununla bağlı imzaladığı növbəti sərəncam çərçivəsində bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq”.

Qeyd olunub ki, 2018-ci ilin yanvar-mart aylarında 224 km içməli su, 48 km kanalizasiya xətləri çəkilib. Görülmüş işlər nəticəsində 8 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 28 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 67,5 faiz, Bakı şəhəri üzrə isə 81,5 faiz təşkil edib.

“Azərsu” ASC-nin sədri Q.Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Qeyd olunub ki, bu il 7 şəhərdə su və kanalizasiya, 1 şəhərdə isə su şəbəkələrinin tikintisi yekunlaşacaq. 2018-ci ildə Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanacaq, 42 kənddə su layihələri icra ediləcək. Cari ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri həyata keçiriləcək. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti