...

Dünyanın 250-yə yaxın alimi Bakıda beynəlxalq konfransa qatılıb (FOTO)

İqtisadiyyat Materials 11 İyul 2018 16:12 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 6-cı Beynəlxalq Konfransı (COIA-2018) keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda tələbələrin fikirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfə təşkil olunur.

Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edir. İştirakçılar arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya, Braziliya, Meksika, Ukrayna, Serbiya, Fransa, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Pakistan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin görkəmli alimləri var.

Salamlama nitqi ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dünyada dinamik inkişafından söz açıb: "Bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Ölkəmizdə qurulan müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun dünya standartlarına uyğunlaşdırılması istiqamətində davamlı iş aparılır.

Qeyd etmək istəyirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” beynəlxalq jurnalı təsir əmsalına görə dünyanın 252 nəşri içərisində 19-cu yerdə qərarlaşıb. Jurnalın redaksiya heyətinin üzvləri də buradadır. Onları da salamlayıram və düşünürəm ki, bundan sonra da elmin inkişafına xidmət edən bu jurnalın reytinqinin artması istiqamətində çalışacaqlar.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil əlaqələrinin genişləndirilməsi, xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin icrası Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub”.

R.Quluzadə nazirliyin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və onun müvafiq institutları ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə əməkdaşlığın ölkəmizin sosial-iqtisadi, eləcə də elmi-texnoloji inkişafına önəmli töhfə verəcəyinə əminliyini ifadə edib:

“Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən İdarəetmə və Optimallaşdırmanın Sənaye Tətbiqləri üzrə 6-cı Beynəlxalq Konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb.

Düşünürəm ki, bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verəcək. Alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac verəcək”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. Rektor adıçəkilən sahənin BDU-da da aparıcı istiqamətlərdən biri olduğunu vurğulayıb. Elmin inkişafına Azərbaycan dövləti tərəfindən göstərilən dəstək, diqqət və qayğıya görə minnətdarlığını da ifadə edən A.Məhərrəmov məhz bu səbəbdən beynəlxalq reytinqlərdə ölkəmiz üzrə göstəricilərin ilbəil artmasını nəzərə çatdırıb.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru Fikrət Əliyev isə konfransın tarixindən və əhəmiyyətindən söz açıb.

Daha sonra ABŞ universitetinin tanınmış professoru Tamer Basarın konfransa təbrik məktubu oxunub. Çıxış edən ukraynalı alim, professor Vladimir Larin və digər qonaqlar konfransın işinin fəal və məhsuldar keçəcəyinə ümid etdiklərini bildirərək, ona fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq elmi tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin də geniş müzakirəsi nəzərdə tutulur. Konfransın mövzularına “İdarəetmə Nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi İdarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya” , “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.

Konfrans çərçivəsindəki plenar görüşlərdə idarəetmə və optimallaşdırmanın bütün aspektlərinə dair tanınmış alimlər tərəfindən təqdimatlar ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti