...

Azərbaycan gəmiləri “Filanovski” neft yatağındakı işlərini uğurla başa çatdırıblar (FOTO)

İqtisadiyyat Materials 30 Avqust 2018 19:15 (UTC +04:00)
AXDG ilə CMS şirkətinin alyans olaraq istismar etdiyi “Qurban Abasov” kran gəmisi öhdəliklərini uğurla başa vurublar.
Azərbaycan gəmiləri “Filanovski” neft yatağındakı işlərini uğurla başa çatdırıblar (FOTO)

Bakı. Trend:

“Voltar Marine” şirkətinin sifarişi əsasında Xəzərin Rusiya sektorunda yerləşən “Filanovski” neft yatağındakı işlərin ikinci mərhələsinə cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus“Yarenqa” yedək-təchizat gəmisi və AXDG ilə CMS şirkətinin alyans olaraq istismar etdiyi “Qurban Abasov” kran gəmisi öhdəliklərini uğurla başa vurublar.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində 600 ton yükqaldırma qabiliyyətinə malik “Qurban Abasov” kran gəmisi yataqda platformanın dayaq blokunun quraşdırılması işlərini, “Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarını yerinə yetirib.

Əlavə edək ki, bundan əvvəl, yəni layihənin birinci mərhələsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə ümumilikdə 25957 kubmetr qazma işləri həyata keçirilmişdi. Bu mərhələnin icrasında Gəmiçiliyə məxsus bir torpaqqazan (“Mühəndis Balarza Məmmədov”), üç torpaqdaşıyan (“Bakinskaya-3”,“Bakinskaya-5”, “Bakinskaya-6”) və “Yarenqa” təchizat-yedək gəmisi iştirak edirdi.

Layihə zamanı bütün SƏTƏM prosedurlarına riayət olunub və heç bir xoşagəlməz hadisə baş verməyib.

Qeyd edək ki, irimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirməklə yanaşı, eyni zamanda əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var. Bu da Gəmiçiliyi göstərdiyi xidmətlərin çoxşaxəliyinə görə dünyada unikal şirkətlər sırasına daxil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti