Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 20 noyabr tarixində keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Onlardan 14-ü kiçik dövlət müəssisə və obyekti, 5-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u isə nəqliyyat vasitəsidir.
Bu dəfə vətəndaşlar Bakı, Gəncə, Salyan, Lənkəran kimi şəhər və rayonlarda yerləşən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşməsində iştirak edə bilər. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,8 kv.m ilə 3763,3 kv.m aralığındadır. Ucar şəhəri, 29-cu məhəllədə yerləşən “Ucar 3 nömrəli Təmir Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 181,8 kv.m-dir. Kiçik dövlət müəssisənin 9 min 934 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır.
Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 4-ü paytaxtda, 1-i isə Mingəçevir şəhərindədir. Bu obyektlərin ümumi faydalı sahəsi 26,5 kv.m və 176,7 kv.m intervalındadır. Bakı üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Sahibinə xidmət sahəsi üzrə fəaliyyətə imkan yaradacaq dövlət əmlakının ümumi faydalı sahəsi 106,9 kv.m-dir. Daha bir gəlirli əmlak isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki iaşə obyektidir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 124,4 kv.m-dir.
Dövlətə məxsus paylarının hərraca çıxarıldığı səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir. İnvestorlar təmir-tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən bu dövlət əmlaklarının 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.
Mercedes, BMW, Hyundai, Tofaş və digər brendlərindən olan nəqliyyat vasitələri də bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu avtomobillərin buraxılış tarixləri 1995-2006 illərdir.