...

SOCAR nanohissəciklərin istehsalına başlayıb (FOTO)

İqtisadiyyat Materials 28 Dekabr 2018 11:40 (UTC +04:00)

Bakı. Trend:

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda nanohissəciklər istehsal edən avadanlığın istismara verilməsi münasibəti ilə tədbir keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Bəhram Hüseynov və Yaşar Lətifov, yeni avadanlığın hazırlanması layihəsində SOCAR-ın tərəfdaşı olan Rusiyanın “Rostovıye Texnologiyi” şirkətinin baş direktoru Pavel Fyodorov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və “Nanotexnologiyalar” Departamentinin rəhbərliyi iştirak edib.

SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti 2016-2020-ci illər üçün “Nanoneft” proqramı çərçivəsində növbəti illərdə nanotexnologiyaların tətbiq istiqamətlərinin və coğrafiyasının daha da genişləndirilməsini, bununla bağlı istifadə ediləcək metal nanohissəciklərin miqdarının xeyli artacağını nəzərə alaraq, Rusiyanın “Rostovıye Texnologiyi” şirkəti ilə birgə nanohissəciklər istehsal edən yeni avadanlıq layihələndirmiş, eyni zamanda avadanlıq üçün elektrik partlayışı üsuluna əsaslanan istehsal texnologiyası işləyib. “Neftqazelmitədqiqatlayihə” İnstitutunda quraşdırılan bu avadanlıg müxtəlif ölçülü metal nanohissəciklərini istehsal etməyə imkan verir. Texnoloji proses zərərli kimyəvi maddələrdən istifadə etmədən az miqdarda inert qaz sərf etməklə qapalı şəraitdə aparılır. Yeni avadanlıqda xüsusi səth sahəsi 25-30 m2/qr olan, 20-100 nm ölçülü müxtəlif metalların nanohissəcikləri istehsal ediləcək. Əldə edilən nanohissəciklər daha sonra qazma, hasilat və digər istehsalat proseslərinin səmərəsini artırmaq üçün nanosistemlərin hazırlanmasında istifadə olunacaq.

SOCAR-ın birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib: “İki illik əməyin nəticəsi olan, metal və qeyri-metal nanohissəcikləri istehsal edən avadanlığın istismara verilməsi bu sahədə çəkilən xərclərin azaldılması və xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Bu avadanlığın məhsulundan gələcəkdə ölkə daxilində digər qurumlar da istifadə edə bilərlər”.

Qeyd edək ki, SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti neft-qaz sənayesində nanotexnologiyaların işlənməsi, tədqiqi və tətbiqi ilə məşğuldur. Departamentdə işlənmiş metal nanohissəciklər əsaslı nanosistemlər hasilat, qazma, neftin nəqli, neft-kimya və ekologiyada tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti