...

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir (FOTO)

İqtisadiyyat Materials 19 Fevral 2019 10:39 (UTC +04:00)
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir.
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir (FOTO)

Bakı. Trend:

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair Saziş təşkil edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanına səfər zamanı qonaqlar AZAL prezidenti Cahangir Əsgərovla görüş keçiriblər. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə ediblər.

AZAL prezidenti vurğulayıb ki, Azərbaycanın Milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. 2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanın Milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10 ədədə çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin dekabrında ilk aşağı büdcəli aviaşirkət “Buta Airways”in əsası qoyulbu. Aviaşirkətin donanması ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirən müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

C.Əsgərovun sözlərinə görə, Azərbaycanın ərazisi elə də böyük olmasa da, ölkədə beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq hava limanı fəaliyyət göstərir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards"un ən yüksək – “5 Ulduz” mükafatına layiq görülüb. Bakı hava limanı, həmçinin Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

AZAL prezidenti xüsusilə bildirib ki, xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup “hava azadlığı”). C.Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcək.

Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş edib. H.Hololey Azərbaycan mülki aviasiyasının nailiyyətlərini, personal hazırlığını, hava hərəkətinin təşkili sahəsində son texnologiyaların və innovasiyaların tətbiqini yüksək qiymətləndirib.

Ölkədə yaradılan şərait sayəsində Azərbaycan dünya aviasiya birliyi üçün daha cəlbedici olur və Avropanın daha çox aviaşirkəti tranzit uçuşlar üçün ölkəmizin hava məkanını seçməyə üstünlük verirlər. Unikal coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa və Asiya arasında artan daşımaların özünəməxsus əlaqələndirici qovşağına çevrilib.

Avropa Komissiyasının nümayəndə heyəti, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, onun strukturu və aeronaviqasiya sahəsində nailiyyətləri ilə tanış olub. Qonaqlar həmçinin yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzini (ASEC) ziyarət ediblər.

Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO "Global ATM Summit" aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan verib. AZANS 2018-ci ildə CANSO EUROPE Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilib və Avropa Hava Məkanının gələcək arxitekturasının işlənib hazırlanmasında fəal iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti