...

Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən edilib

İqtisadiyyat Materials 11 Sentyabr 2019 18:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığının təyin olunması üzrə sahə nümayişi keçirilib.

Trend-in məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin, fermerlərin və tədarük şirkətlərinin nümayəndələrinin iştirak etdiyi nümayişdə üç işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən hektara düşən bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanaraq təhlil olunub, elmi nəticələr yerində aktlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov və Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev yeni texnologiya üzərində aparılmış elmi nəticələri açıqlayıblar. Bildirilib ki, üç saat aparılan tədqiqat nəticəsində məhsuldarlığın 90 sentinerdən, hər qozadan lif çıxımının isə 40 faizdən yüksək olduğu müəyyən olunub.

Mütəxəssislər qeyd ediblər ki, pambıqçılığın qarşısında duran əsas hədəf hektara düşən məhsuldarlığın daha da yüksəldilməsi, fermer və tədarükçü şirkətlərin marağında olan lif çıxımının göstəricilərini yaxşılaşdırmaqdır. Bu məqsədlə hazırda Tərtər rayonunda yunan, Beyləqan rayonunda isə türk texnologiyası əsasında pambıq əkini aparılaraq yeni əkin-becərmə metodları öyrənilir. Gələcəkdə hər üç təcrübə birləşdirilərək innovativ əkin sxemləri tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti