Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə sualları cavablandırıb.
Trend Xəzər Bəşirovla müsahibəni təqdim edir:
- Xəzər müəllim, Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına hər iki dövlətin başçıları tərəfindən böyük önəm verilir. İqtisadi əlaqələrimizin hazırkı vəziyyəti barədə nə deyərdiniz?
- Ölkələrimiz arasında səmimi dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına verdiyi böyük önəm iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin və əlverişli şərait yaradır.
Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir, qardaş Türkiyə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində etibarlı və fəal tərəfdaşdır.
İqtisadi əlaqələrin əsas istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır. Türkiyə Azərbaycanın mühüm ticarət tərəfdaşlarından olmaqla, qeyri-neft məhsullarımızın ixrac edildiyi əsas ölkələrdəndir. Ötən 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 33%-ə yaxın artaraq 4,5 mlrd. ABŞ dollarını ötüb, ixracın həcmi təqribən 2,9 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təqribən 57% çoxdur.
Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var. Dövlət başçısı cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, qeyri-neft sektorunun şaxələndirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks və ardıcıl tədbirlər Türkiyə ilə ticarət dövriyyəsinin artırılmasını da ehtiva edir. Qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması üçün hədəf müəyyənləşdirilib - 2023-cü ilə qədər 15 mlrd. ABŞ dolları!
Bu günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə əlavə stimul yaradır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində əlverişli platformadır.
Bununla yanaşı, iqtisadi münasibətlərin inkişafı üçün müxtəlif mexanizmlərdən də istifadə olunur. Bu baxımdan, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB), Azərbaycan və Türkiyə iş adamlarının təmsil olunduğu birliklər, məsələn, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) və s. sahibkarlar assosiasiyaları arasında əlaqələrin inkişafının, biznes forumların, işgüzar görüşlərin rolunu qeyd etmək yerinə düşərdi.
- Azərbaycanla Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişi ticarət əlaqələrinin genişlənməsində nə kimi rol oynaya bilər?
- Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlərdən biri də Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişidir. Bu mühüm sənəd ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Preferensial Ticarət Sazişi Azərbaycan üçün yeni əməkdaşlıq mexanizmidir və ilk Saziş məhz qardaş Türkiyə ilə imzalanıb.
Qarşılıqlı olaraq bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarından azadolmanı nəzərdə tutan Saziş qeyri-neft ixracının artırılması istiqamətində strateji addımdır. Sənədin qüvvəyə minməsi ilə Azərbaycanın ixrac potensialı yüksək olan bir sıra kənd təsərrüfatı və emalı məhsullarının Türkiyəyə ixracında əhəmiyyətli güzəştlər tətbiq olunacaqdır. Belə ki, hazırda bu malların Türkiyəyə ixracı zamanı gömrük dəyərinin təqribən 10-150%-i həcmində idxal gömrük rüsumu tətbiq olunur. Saziş qüvvəyə mindikdən sonra müəyyən edilmiş kvotalar daxilində müvafiq Azərbaycan mənşəli bir sıra məhsullar Türkiyə bazarına rüsumsuz ixrac ediləcəkdir ki, bu da məhsullarımızın Türkiyə bazarında rəqabət qabiliyyətinin daha da artırılmasına və sahibkarlarımızın bu bazara marağının artmasına şərait yaradacaq.
Ümumilikdə, Preferensial Ticarət Sazişi ticarət əlaqələrinin genişlənməsinə, iqtisadiyyatın, eləcə də, ticarətdə mal və xidmətlərin strukturunun şaxələndirilməsinə önəmli töhfə verəcəkdir.