Bakı. Trend:
Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirilib
Qubadlı rayonunun yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü başlayır. Öz təsərrüfatlarını yaylaqlara köçürmək istəyən fermerlərin müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyində müvafiq siyahı hazırlanıb, arıçı fermerlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təşkil etdiyi təlimlərə cəlb olunublar.
Nazirlikdən Trend-ə bildirilib ki, təlimlərdə fermerlərə mina və
partlamamış sursatla çirklənmiş ərazilərdə davranış qaydaları izah
olunub. Fermerlərdən köç edəcəkləri dislokasiya məntəqələrində
təlimata uyğun davranacaqlarına dair iltizamnamə alınıb.
Bu gün Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan
arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir
keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisinin rəhbəri Fatih
Yılmaz, Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan
Qələndər, Qubadlı rayon icra hakimiyyətinin rəhbərliyi, Azərbaycan
Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Peşəkar
Arıçılar Birliyinin rəhbəri Elxan Ələkbərov, Qubadlı rayonundan
olan arıçı fermerlər iştirak ediblər.
“Dağ Arıçıları” İctimai Birliyinin rəhbəri Yusif Quliyev tədbir iştirakçılarını salamlayaraq bu günün Qubadlı arıçıları üçün tarixi gün olduğunu bildirib. Qubadlıdan olan arıçıların öz təsərrüfatlarını bu il rayonun yaylaqlarına qaldıracağını deyən Yusif Quliyev bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, ötən il Kəlbəcər və Laçın laylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsinə dair həyata keçirilmiş pilot layihə uğurla nəticələnib. Layihənin yekun nəticələri təhlil olunduqdan sonra bu ildən arıçılıq təsərrüfatlarının köç edəcəyi yaylaqların siyahısına Qubadlı rayonunun yaylaqları da əlavə olunub. Bununla da 30 ilə yaxın fasilədən sonra Qubadlıdan olan arıçılar öz təsərrüfatlarını doğma yaylaqlara köçürmək imkanı əldə edirlər.
Tədbirdə çıxış edən TİKA-nın Bakı Ofisinin rəhbəri Fatih Yılmaz iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini deyərək, təmsil etdiyi qurumun Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də layihələr həyata keçirdiyini deyib. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində arıçılıq təsərrüfatlarına texniki dəstək göstərilib. “Dağ Arıçıları” İctimai Birliyi TİKA tərəfindən xüsusi konteynerlərlə təchiz olunub, birliyin məhsullarının qablaşdırılmasına köməklik göstərilib.
Təsərrüfatlardakı arı ailələri Qubadlı yaylaqlarına bu konteynerlərdə köçürüləcək. Fatih Yılmaz Qubadlı arıçıları üçün xüsusi əhəmiyyət kəsb edən bu gündə arıçıların sevincini bölüşməkdən məmnunluq duyduğunu deyib, arıçılara hər zaman dəstək olacaqlarını vurğulayıb.
Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan
Qələndər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın bütün
istiqamətlərdə inkişaf etdiyini deyib. Azərbaycanla Türkiyə
arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış
memorandum və sazişləri xatırladan müşavir nəzərdə tutulan bütün
istiqamətlər üzrə birgə fəaliyyətin davam etdiyini deyib. Hakan
Qələndər Qubadlı arıçılarının öz təsərrüfatlarını 30 illik
fasilədən sonra doğma yaylaqlara köçürməsi münasibətilə təbrik
edib.
Daha sonra tədbir iştirakçıları Qubadlı rayonundan olan arıçıların
təsərrüfatlara baş çəkib, arı ailələrinin köçə hazırlıq prosesini
izləyiblər.
Bu il Qubadlı rayonuna 38 arıçılıq təsərrüfatının köçürülmsəi nəzərdə tutulub. Ümumilikdə Qubadlı yaylaqlarına 2207 arı ailəsi köçürüləcək. Arı ailələri Qubadlı şəhər mərkəzinin ətrafında, Qazyan, Muradxanlı, Xanlıq, Mollu, Hal, Mahmudlu, Bəxtiyarlı, Tatar, Qaraçalı və Zilanlı kəndlərində yerləşdiriləcək. Nazirlik tərəfindən yaylaq mövsümü ərzində Qubadlı rayonuna köçürülmüş təsərrüfatların daimi monitorinqi aparılacaq.