Bakı. Trend:
Qeydiyyat prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, aparılan təbliğat və maarifləndirmə işləri daşınmaz əmlakın qeydiyyatı sahəsində göstəricilərin yüksək olmasına səbəb olub. Ötən illərlə müqayisədə bu sahədə ən yüksək göstərici isə bu ilin yanvar-noyabr aylarında qeydə alınıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 332.343 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2021-ci il ərzində ümumi qeydə alınan göstəricidən 27.305 ədəd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 21,9% artıb.
Bu barədə bu gün Dövlət Xidmətindən Trend-ə bildirilib.
11 aylıq göstəricinin 77.733-ü (23,4%) ilkin, 254.610-u (76,6%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində ilkin qeydiyyat 32,8% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 45.033-ü
fərdi yaşayış və bağ evi, 84.273-ü mənzil, 192.156-sı torpaq
sahəsi, 3.231-i qeyri-yaşayış binası, 6.857-si qeyri-yaşayış
sahəsi, 732-si əmlak kompleksi, 60-ı çoxmərtəbəli yaşayış binası,
1-i isə çoxillik əkmələrdir. 11 ay ərzində dövlət qeydiyyatına
alınan daşınmaz əmlakların 25,8%-i Bakı şəhərinin, qalanı isə
bölgələrin payına düşür.
Torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə
artıb
Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı
bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına
uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay
torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin
qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə
ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr
ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq
36.835 olub.
Cari ilin yanvar-noyabr aylarında 65 minə yaxın ipoteka
müqaviləsi qeydiyyat alınıb
Bu ilin 11 ayı ərzində 262.647 daşınmaz əmlakın texniki
inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu
isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artım deməkdir.
2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan ipoteka
müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq
64.963 olub.