Bakı. Trend:
Azərbaycanda iqtisadi zonalarda əlverişli biznes mühiti yaradılıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.
"Bundan başqa, texnologiya və sənaye parklarının rezidentləri üçün əlverişli vergi mühiti yaradılıb. Startaplar üç il müddətinə gəlir vergisindən azad ediliblər. Həmçinin kənd təsərrüfatı sahəsində vergi dərəcələrinin azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi də qeyd olunmalıdır. Biznes fəaliyyətinin inkişafında bütünlükdə rəqəmsallaşma böyük rol oynayıb. Biz hər bir sahibkar üçün əlçatan Dövlət Vergi Sistemi yaratmışıq və bu istiqamətdə çalışırıq", - o qeyd edib.
İmanov həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2023-cü il yanvarın 1-dən etibarən iqtisadi zonaların rezidentlərinin 10 il müddətinə vergi və rüsumlardan azad olunduğunu deyib.
"Bundan başqa, onlar avadanlıq, texnika, texnologiya və xammal idxal etdikdə ƏDV-dən azad olunurlar. Həmçinin səhmdarlara ödəniləcək dividendlərin də vergidən azad olunduğu vurğulanmalıdır. Azərbaycanda biznes mühitinin və investisiya potensialının daha da yaxşılaşdırılması üçün digər tədbirlər də görülüb və görülməyə davam edəcək", - Nicat İmanov sonda deyib.