...

Azərbaycanda 14 milyon manatlıq partlayıcı maddələr zavodu tikilir

İqtisadiyyat Materials 16 Fevral 2023 17:14 (UTC +04:00)
Azərbaycanda 14 milyon manatlıq partlayıcı maddələr zavodu tikilir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Partlayıcı maddələr zavodunun inşası layihəsinin ümumi investisiya dəyəri 14 milyon manatdır. Layihə çərçivəsində inşaat işlərinə təqribən 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunacaq. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir. Bütün bu vəsaitlər təsisçilər tərəfindən Nizamnamə kapitalına qoyuluşlar və sərfəli şərtlərlə əldə edilmiş kredit hesabına təmin olunacaqdır.

Trend xəbər verir ki, bunu “Azerblast”ın icraçı direktoru isə Rizvan Baxşıyev Mülki partlayıcı maddələr zavodunun inşası layihəsi ilə bağlı keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Həmçinin nəzərə alınmalıdır ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində əldə edilən qələbə nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağ-mədən sənayesi üzrə yaranmış potensial və həmin ərazilərdə aparılan quruculuq işləri ildən-ilə sənaye partlayıcı maddələrinə olan təlabatın artmasına səbəb olacaq. Qeyd edə bilərəm ki, araşdırmalarımıza əsasən, təkcə 2024-cü ildə sözügedən bölgələrimiz üçün 10-15 min ton həcmində illik tələbat həcmi proqnozlaşdırılır.

"Layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2.6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5.3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat nəzərdə tutulub. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirləri daha da artacaq, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyəti təmin ediləcəkdir", - deyə R.Baxşıyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti