...

Azərbaycan dünya arenasında investisiyalar və əməkdaşlıq üçün cəlbedici tərəfdaşdır - Mixail Xazin (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 3 Avqust 2023 12:08 (UTC +04:00)
Azərbaycan dünya arenasında investisiyalar və əməkdaşlıq üçün cəlbedici tərəfdaşdır - Mixail Xazin (ÖZƏL MÜSAHİBƏ)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünya arenasında investisiyalar və əməkdaşlıq üçün cəlbedici tərəfdaşdır.

Bu barədə Trend-ə özəl müsahibəsində iqtisadçı, analitik, ictimai xadim və publisist Mixail Xazin deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün unikal imkanlar dünya dollar sisteminin əhatə etdiyi kiçik birliklərdə iştirak sayəsində formalaşıb.

"Bu gün Azərbaycan dünya neft-qaz sənayesindəki dəyişikliklərlə əlaqədar çağırışlarla üzləşir ki, bu da iqtisadiyyatın gələcək inkişafı üçün investisiya resurslarının düzgün seçimi və yenidən yönləndirilməsini tələb edir. Bu kontekstdə ölkə yeni imkanlar axtarmalı və texnologiyalarda ixtisaslaşmalıdır. Hesab edirəm ki, Azərbaycanın baş qərargahı Bakıda yerləşən texnologiya mərkəzi kimi formalaşması Rusiya, Çin, Hindistan və digər ölkələrlə əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensial kəsb edir. Rusiya bazarı Azərbaycandan xarici investisiyaların qoyuluşu üçün ideal obyekt olmaqla məhsulların Avropa bazarlarına ixracına yol açır. Lakin düşünürəm ki, bu Azərbaycan üçün yeganə perspektiv deyil. Bakı bundan başqa bütün Asiya regionu üçün maliyyə mərkəzinə çevrilməklə Mərkəzi Asiya və Rusiya ilə iqtisadi əlaqələrini möhkəmləndirə bilər. İranla və ərəb ölkələri ilə əməkdaşlıq da iqtisadiyyatın diversifikasiyası və investisiyaların cəlb edilməsi üçün potensial cəhətdən səmərəlidir", - deyə Xazin qeyd edib.

Həmçinin, iqtisadçının fikrincə, şəhər infrastrukturuna investisiyaların qoyulması işğaldan azad edilmiş ərazilərin inkişafı və əhalinin daha yüksək həyat səviyyəsi və müasir şərltərlə təmin edilməsi üçün təkanverici qüvvə rolunu oynaya bilər.

"Azərbaycan özünün işğaldan azad edilmiş ərazilərində müasir infrastruktur qurur, müasir zavodlar, şəhər və kəndlər inşa edir. Bütün bunlar işğaldan azad edilmiş bu əraziləri daha yüksək əmək haqqı və müasir infrastruktur ilə təmin etməyə imkan verəcək və əminəm ki, Azərbaycan bunun üçün bütün imkanlara malikdir", - deyə M.Xazin vurğulayıb.

Sonda iqtisadçı yuxarıda sadalanan amillərin Azərbaycanı dünya arenasında investisiya qoyuluşu və əməkdaşlıq üçün cəlbedici etdiyini bildirib.

"Ölkə yeni texnologiyaların inkişafı, xarici investorların cəlb edilməsi və beynəlxalq arenada öz nüfuzunun möhkəmləndirilməsi üçün böyük potensiala malikdir. Azərbaycan iqtisadiyyatının daha dayanıqlı və çiçəklənən gələcəyini təmin etmək üçün hələ daha qətiyyətli addımlar atmalı və yeni, strateji cəhətdən düzgün seçimlər etməlidir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti