Bakı. Trend:
Mərkəzi Bankın məlumatına görə, 31 iyul 2023-cü il tarixinə Azərbaycanda kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Bu əvvəlki aya olan məbləğ ilə müqayisədə 76 milyon manat artım deməkdir. Bununla belə, rəsmi statistika göstərir ki, hələ də rayonlarda yaşayan vətəndaşlarımızın və eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, ümumi kredit portfelinin 16 milyard 336 milyon manatı Bakıda qeydə alınıb. Bu o deməkdir ki, ümumi kredit porteflinin 76 faizindən çoxu paytaxtın payına düşüb. 805 milyon manat isə Abşeron-Xızı iqtisadi rayonunda təklif olunub. Bu isə o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin 80 manatından çox Bakı və Abşeronun payına düşür. Bu eyni zamanda ondan xəbər verir ki, regionların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır", - deyə deputat vurğulayıb.
V.Bayramov əlavə edib ki, bir sıra iqtisadi rayonlar üzrə kredit qoyluşları hələ də kiçik olaraq qalmaqdadır.
"Məsələn, böyük potensialı olan Dağlıq Şirvanda 151, Mil-Muğan iqtisadi rayonunda isə 229 milyon manat krediti qoyluşu qeydə alınıb.
Aydındır ki, özəl banklar kreditləşmədə müstəqil qərar verirlər və bu zaman risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar. Digər tərəfdən də, inzibati yollar ilə bankları kreditləşməyə istiqamətləndirmək də düzgün olmazdı. Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi bankları regionlarda biznesin maliyyələşdirilməsinə stimullaşdırılması və təşviq edilməsi çox vacibdir. Bu bölgələrimiz daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər.
Təhlillər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditləri həcmi artırılmalıdır. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir", - deyə o, qeyd edib.
Qeyd edək ki, 31 iyul 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 44 milyard 880.3 milyon manat, cəmi öhdəlikləri 39 milyard 41.2 milyon manat, balans kapitalı 5 milyard 839.1 milyon manat olub.
İyul ayında bankların kredit portfeli 0.4% və ya 75.8 milyon manat artaraq 21 milyard 372 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.4% (11 milyard 622.7 milyon manat);
ıı) istehlak kreditləri – 29.8% (6 milyard 376 milyon manat)
ııı) ipoteka kreditləri – 15.8% (3 milyard 373.3 milyon manat).