Bakı. Trend:
Qiymətləndiricinin fəaliyyətinə xitam verilməsi halları
müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsində qeyd olunub.
Qanun layihəsinə görə, aşağıdakı hallarda qiymətləndiricinin
fəaliyyətinə xitam verilir:
- qiymətləndirici Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxmaq
barədə ərizə ilə müraciət etdikdə;
- bu Qanunun 22.1.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi
tədbirinin tətbiqindən sonra 1 (bir) il ərzində qiymətləndirici
qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin və
qiymətləndiricinin etik davranış qaydalarının tələblərini yenidən
pozduqda;
- qiymətləndirici üzvlük haqqını 6 (altı) aydan artıq müddətdə
ödəmədikdə;
- qiymətləndirici vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı ilə ölmüş elan olunduqda və ya xəbərsiz itkin düşmüş hesab
edildikdə;
- qiymətləndiricinin fəaliyyət qabiliyyətsizliyi və ya məhdud
fəaliyyət qabiliyyətliliyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı olduqda;
- qiymətləndirici qəsdən ağır və xüsusilə ağır cinayət, habelə
xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq
korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət,
həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkum
olunduqda;
- qiymətləndiricinin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq
hüququndan məhrum edilməsinə, o cümlədən barəsində tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı olduqda.
- Qiymətləndiricinin fəaliyyətinə İntizam Komissiyasının rəyi ilə
Qiymətləndiricilər Palatası Rəyasət Heyətinin qərarı ilə xitam
verilir və o, Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxarılır
və bu barədə məlumat Qiymətləndiricilər Palatası üzvlərinin
reyestrinə daxil edilir.
- Bu Qanunun 24.1.2-ci və 24.1.3-cü maddələrində nəzərdə tutulmuş
hallarda, qiymətləndiricinin fəaliyyətinə xitam verilməsi və onun
Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxarılması məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.
- Bu Qanunun 24.1.2-ci maddəsində nəzərdə tutulmuş halda bu Qanunun
24.3-cü maddəsinə uyğun olaraq məhkəmə qərarı qanuni qüvvəyə
minənədək, İntizam Komissiyasının rəyi əsasında Qiymətləndiricilər
Palatasının Rəyasət Heyəti həmin qiymətləndiricinin fəaliyyətini
dayandıra bilər.
- Bu Qanunun 24.1.1 – 24.1.3-cü maddələrində göstərilən əsaslar
üzrə Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxarılmış şəxs
onun barəsində Qiymətləndiricilər Palatası Rəyasət Heyətinin
qərarının qəbul olunduğu tarixdən azı 1 (bir) il keçdikdən sonra bu
Qanunun 6-cı maddəsi ilə müəyyən olunmuş qaydada ixtisas imtahanı
verə bilər.