Bakı. Trend:
Azərbaycan və Türkiyə tranzit keçidlərin rəqəmsallaşdırması üzrə müqavilə imzalayacaq.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qazaxıstanın paytaxtı Astanada keçirilən "6-cı Beynəlxalq Qazaxıstan Nəqliyyat və Logistika Biznes Forumu"nda çıxışı zamanı deyib.
"Qazaxıstan, Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstandan Türkiyəyə gələn Orta Dəhlizin ən mühüm marşrutudur. Gürcüstan üzərindən Qara dənizə enə bilir, ancaq dəmir yolu nəqliyyatı ilə buradan bütün Avropaya, daha sonra Egey dənizinə, Aralıq dənizinə və Qara dənizə çatmaq mümkündür. Eyni zamanda, biz bu marşrut üzrə həm gömrük prosedurlarının, həm də tranzit prosedurlarının azaldılması və sürətləndirilməsi ilə bağlı ümumi qiymətləndirmə apardıq",- deyə nazir bildirib.
Abdulkadir Uraloğlu qeyd edib ki, ölkələr arasında nəqliyyat vasitələrinin keçidlərinin sayı qarşılıqlı protokollar və razılaşmalarla müəyyən edilir.
"Tutaq ki, 2023-cü ildə Qazaxıstandan 5 min tranzit icazəsi almışıq. İl boyu istifadə edirik. Digər ölkələrlə də eyni şeyi edirik. Düşünürük ki, bu, artıq sənədə bağlanmamalıdır. Bunu rəqəmsal şəkildə etməliyik. Biz ilk növbədə, Özbəkistanla bu mənada müqavilə bağladıq və artıq bunu pilot sahə kimi həyata keçiririk. İndi eyni şeyi Azərbaycanla da müzakirə edirik. Ona görə də istər Türkiyə olsun, istərsə də başqa ölkə vətəndaşları olsun, bu dəhlizlərdə daşımaları rəqəmsallaşma yolu ilə həyata keçirsələr, işləri asanlaşacaq",- deyə türkiyəli nazir vurğulayıb.