...

Neftin ucuzlaşması manatın məzənnəsinə necə təsir göstərəcək?

İqtisadiyyat Materials 22 Noyabr 2023 11:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir. Sentyabrdan sonra neftin qiymətində 16 faiz azalama qeydə alınıb. Neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Hazırda Azərbaycan ixracatının 80 faizə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, noyabrın 26-da OPEK+ alyansının iclasının keçiriləcəyi gözlənilir. Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür.

“Hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, nefti qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir.

"Brent" markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da, növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər. Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib.

Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyə V.Bayramov əlavə edib.

Xəbər lenti

Xəbər lenti