...

Dünya Bankı Azərbaycana dekarbonizasiya prosesində köməklik göstərməyə hazırdır - Roland Prays (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

İqtisadiyyat Materials 11 Dekabr 2023 10:35 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dekarbonizasiya prosesinin aktivləşdirilməsi üçün yeni imkanları yaranıb.

Bu barədə Trend-ə özəl müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays deyib.

Azərbaycan üçün dekarbonizasiya sahəsində yeni perspektivlər

"Dekarbonizasiya Azərbaycanın ən qabaqcıl maraqlarına cavab verir. Burada bunun üçün imkan görürük və əlbəttə, bu, artıq ölkənin strategiyasında əks olunub. Hesabatda imkanların konkret sahəsini olduqca konkret şəkildə göstəririk və bu halda Azərbaycanla bağlı təmiz enerji, enerji səmərəliliyindən, eləcə də, kənd təsərrüfatı və su ehtiyatlarından danışırıq, belə ki, ölkə bu sahədə daha çox effekt əldə etmək üçün tədbirlər görə bilər", - o deyib.

Regional direktorun sözlərinə görə, bununla əlaqədar olaraq bu yaxında dərc olunmuş Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatı (CCDR) böyük əhəmiyyət kəsb edir.

"Ölkənin iqlimi və inkişafı üzrə bu hesabat Dünya Bankının yeni əsas diaqnostikasıdır. Bildiyiniz kimi, müştərilərimizlə necə əlaqə saxladığımız, eləcə də, onları öz siyasət və strategiyalarımız barədə məlumatlandırmaq üçün analitik fəaliyyətə çox vaxt sərf etmişik. Bu hesabatdan əldə etməyə çalışdığımız ölkənin inkişaf hədəflərinə uyğun olaraq, rəqabət qabiliyyətini, iqtisadi artımı və inklüzivliyi təmin edərək istixana qazlarının tullantılarını azaltmaq və iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün görə biləcəyi prioritetlər və effektiv tədbirlər barəsində təsəvvürün formalaşmasıdır", - deyə Prays aydınlıq gətirib.

O, Dünya Bankının öz tövsiyələrində Azərbaycanın 2030-cu ilədək ortamüddətli inkişaf planını, eləcə də, 2026-cı ilədək nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf strategiyasını bir növ əsas qismində daima diqqətdə saxladığını qeyd edib.

"Əsas məsləhətimiz ondan ibarətdir ki, Azərbaycan enerji daşıyıcılarının qiymətini düzgün müəyyən etməlidir. Ölkə hazırda qazıntı yanacağına meyillidir, çünki o, nisbətən ucuzdur və bu sayədə əlçatan variantdır. Hökumətin strategiyalarında bu uyğunluğun dəyişəcəyinə dair planlar əks olunub", - deyə o bildirib.

Praysın sözlərinə görə, Dünya Bankının Azərbaycan üzrə əsas tövsiyələri bunlardır: qazıntı yanacağı üçün subsidiyaların azaldılması, bərpa olunan enerji mənbələrinə, eləcə də, enerji səmərəliliyinə investisiyalar üçün özəl kapital axınının potensial təşviqi.

"Bu, oyunun qaydalarını dəyişəcək. Qeyd etmək lazımdır ki, hökumət artıq strategiya hazırlayıb, bu səbəbdən artıq məsələ ölkənin hansı sürətlə tətbiq etməsindədir. Dünya Bankının fikrincə, hökumət bu islahatları təcili şəkildə sürətləndirməlidir", - deyə o aydınlıq gətirib.

Dünya bankı Azərbaycanın külək və günəş enerji ehtiyatlarının mühüm həcmləri barədə

"Ölkənin nəzərəçarpan üstünlüklərindən biri onun strateji coğrafi mövqeyidir. Ölkənin hazırkı strategiyaları onun bərpa olunan enerji mənbələri sahəsində təşəbbüsləri necə tətbiq etməyi planlaşdırdığını təsvir edir. Dünya Bankı hökumətin dəvəti ilə konkret növ dəyişikliklərdə kömək göstərmək üçün fəaliyyət göstərir. Dünya Bankı və Azərbaycan hökuməti arasında artıq intensiv müzakirələr gedir", - deyə o qeyd edib.

Praysın sözlərinə görə, külək və günəş layihələrinə investisiyalar "Black Sea Energy" sualtı kabel layihəsi kimi regional təşəbbüslərlə razılaşdırılır ki, bu da Azərbaycana gələcəkdə ekoloji cəhətdən təmiz enerji ixrac etməyə imkan verəcək.

"Hökumətin Xəzər dənizində külək enerjisinin inkişafı, mühüm özəl investisiyaların cəlb olunması üzrə konkret planları var. Dünya Bankının layihənin reallaşdırılmasında hökumətlə əməkdaşlıq etmək imkanı var", - deyə o vurğulayıb.

Regional direktor, həmçinin, hazır layihələrin siyahısını tərtib etməyin və özəl sektoru necə cəlb etməyi müəyyənləşdirməyin olduqca vacib olduğunu qeyd edib.

"Özəl sektor subyektlərini bu sahələrə investisiya qoymağa təşviq etmək üçün əsaslı planlaşdırma və ətraflı düşünmək lazımdır və bank bu prosesi dəstəkləməyə hazırdır", - deyə o əlavə edib.

Azərbaycanın "yaşıl" və "mavi" hidrogen istehsalı üzrə imkanları

"Artıq qeyd etmişəm ki, Azərbaycan xüsusən günəş və külək ehtiyatlarının zənginliyi nöqteyi-nəzərindən böyük potensiala malikdir. Bu, münasib qiymətə "yaşıl" və "mavi" hidrogen istehsalı üçün mühüm imkanların olmasını nəzərdə tutur. 2030-cu illərin ortalarında hadisələrin bu cür inkişafının şahidi olacağımızı gözləyirik", - deyə o qeyd edib.

Regional direktor bunun inkişaf edən texnologiyalara malik, nisbətən yeni sahə olduğunu qeyd edib.

"Diqqətəlayiq olan hökumətin özəl sektorun maraqlı tərəfləri ilə bu sektorun inkişafının müzakirəsi üçün fəal əməkdaşlığıdır. Bir qayda olaraq, özəl sektor texnoloji nailiyyətlər nöqteyi-nəzərindən liderlik edir və bu həmin əməkdaşlığı faydalı edir", - deyə Prays vurğulayıb.

Onun sözlərinə görə, Dünya Bankı növbəti potensial addımlar qismində ekoloji cəhətdən təmiz enerjinin inkişafının məqsədəuyğunluğunun qiymətləndirilməsi üçün hərtərəfli tədqiqat aparmağı tövsiyə edir.

"Bu tədqiqatda konkret yol xəritəsini cızmaq, hökumətin rolunu minimuma endirmək niyyətilə müəyyənləşdirmək lazımdır ki, hökumət investisiya yükünü çəkmədən xaricdən iştirak mümkün olsun. Bundan başqa, yerli hidrogen sənayesinin perspektivlərini və nəqliyyat, sənaye və istilik sistemi üçün potensial daxili hidrogen bazarlarını öyrənmək son dərəcə vacibdir. Bu sahələr öyrənməyə çalışdığımız imkanları əks etdirir. Lakin biz Dünya Bankı olaraq yerində vəziyyəti ətraflı anlamadan heç bir tədbir görmürük", - deyə o aydınlıq gətirib.

Prays, həmçinin, Dünya Bankının Azərbaycan üçün təklifinin əldə olunmuş nəticələri sektorun gələcək inkişafına imkan yaradacaq lazımi investisiya və islahatları müəyyənləşdirmək üçün əsas qismində bu növ tədqiqatlar aparmaqdan ibarət olduğunu əlavə edib.

"Black Sea Energy" sualtı kabel layihəsinin texniki-iqtisadi əsaslandırması

Regional direktorun sözlərinə görə, "Black Sea Energy" sualtı kabel layihəsinin texniki-iqtisadi əsaslandırması 2024-cü ilin aprel-may ayı üçün hazır olacaq. İlkin addım Gürcüstan hökuməti tərəfindən Dünya Bankının maliyyələşdirməkdə olduğu mövcud əməliyyat çərçivəsində başladılmış iqtisadi əsaslandırmadır.

"Bütün layihəni əhatə edən bu tədqiqatın gələn ilin aprel-may ayları üçün başa çatacağı gözlənilir. Bu, layihəyə gələcək investisiyalar üçün əsas təşkil edəcək. Xüsusən Gürcüstan hazırda öz investisiyalarının analitik texniki-iqtisadi əsaslandırmasının həyata keçirilməsi üzrə əməliyyatlara hazırlaşır. Dünya Bankı tərəfindən maliyyələşdirilən bu layihə seriyanın bir hissəsidir. Biz bu konkret layihəni gələn ilin mart ayınadək təqdim etməyi planlaşdırırıq", - o deyib.

Prays qeyd edib ki, layihənin əlaqələndirilməsi nöqteyi-nəzərindən liderlik edən Gürcüstan baxımından mühüm irəliləyiş əldə olunub.

"Azərbaycan hökuməti ilə müzakirələr zamanı əsas diqqət bazarın enerji ehtiyaclarını ödəmək üçün külək və günəş resurslarından istifadəyə yetirilib. Bu fəaliyyətin ilkin mərhələsinin Gürcüstan tərəfindən ilkin maliyyələşdirməsi bütün iştirakçı ölkələrə yardım kimi qiymətləndirilir. Struktur və institutları müəyyən etdikcə, hər bir ölkə bu investisiyaları necə ayıra biləcəyini və ya Gürcüstanın qoymuş olduğu təmələ öz töhfəsini necə verəcəyini araşdıracaq. Dünya Bankı güclü dəstəkçi və tərəfdaş olmaqla, texniki dəstək göstərib və bunu etməyə davam edəcək", - deyə regional direktor aydınlıq gətirib.

"Dünya Bankı bu layihə ilə əlaqədar olaraq, sponsor olaraq çıxış edəcək Avropa İttifaqı ilə və digər ölkələrlə aktiv şəkildə əlaqə saxlayır, belə ki, bu layihə müxtəlif ölkələr arasında yüksək maraq doğurur", - deyə o əlavə edib.

"Son tədbirlər, o cümlədən, Tbilisidə keçirilən "İpək Yolu" forumu digər ölkələr tərəfindən iştiraka marağın artdığını göstərib. "Black Sea Energy Cable" layihəsi təkcə enerji daşıyıclarının ixracına deyil, həm də ölkələrin hazırda çatışmayan üsullarla dayanıqlılığının artmasına imkan yaradan rəqəmsal təşəbbüslərə yönəlib. Həm Orta Dəhliz üzrə fəaliyyətdə, həm də Qara dənizdə sualtı kabel layihəsində mühüm uğurların əldə edildiyi vaxt gəlib çatıb", - deyə Roland Prays deyib.

Dünya Bankı Orta Dəhlizin inkişafına dəstək barədə

"2030-cu ilədək düzgün investisiyalar və siyasi islahatlarla bu dəhliz vasitəsilə ticarətin həcmini üçqat artırmaq, müddəti isə ikiqat azaltmaq potensialı mövcuddur. Əvvəllər fasiləsiz Şimal marşrutu səbəbindən Orta Dəhliz bu qədər maraqlı deyildi. Lakin hazırkı geosiyasəti nəzərə aldıqda bu marşrut daha cəlbedicidir, lakin onun, həqiqətən, işlək olması üçün investisiyalar və siyasi islahatlar sahəsində işlər görmək lazımdır", - deyə o qeyd edib.

Prays Dünya Bankının ilk addım olaraq təhlil apardığını və nəticədə Orta Dəhliz çərçivəsində əsas subyektlər kimi Azərbaycan, Qazaxıstan və Gürcüstana həsr olunmuş hesabat dərc etdiyini vurğulayıb.

"Dəhliz vasitəsilə tədarükləri bir böyük ölkə daxilindəki kimi müntəzəm etmək üçün konkret tədbirlər müəyyənləşdiririk. İlk addıma bütün dəhliz boyu logistika həllərinin idarə olunması daxildir. Daşınmalar indiki kimi dağınıq olmamalıdır. Hazırda yüklər dəmir yolu ilə Azərbaycan ərazisindən keçdikdən sonra Gürcüstan sərhədində dayanır. Bu, nəqliyyatın növündən asılı olmayaraq, müntəzəm səyahət kimi hiss olunmalıdır, sanki sürət yolu ilə hərəkət edirsiniz", - deyə o əlavə edib.

"Daha bir vacib element xüsusən sərhəddə prosedur və proseslərin sadələşdirilməsidir. İnsanları yük maşınlarını yoxlamağa və ya yoxlamalara və s. vaxt sərf etməyə vadar etməklə prosesi dayandırmaq olmaz. Dəhlizin bir nöqtəsində razılaşdırma və təsdiqdən sonra dəhliz vasitəsilə nisbətən sürətli hərəkətə imkan verən mexanizm yaradılmalıdır. Bank hər bir ölkənin konkret sorğularına əsaslanan bütün proses və həlləri dəstəkləmək iqtidarındadır", - deyə o qeyd edib.

Regional direktorun sözlərinə görə, Orta Dəhliz dəniz, dəmir yolu və avtomobil nəqliyyatı kimi bir sıra müxtəlif nəqliyyat növlərini nəzərdə tutduğundan, iştirakçılar bir nəqliyyat növündən digərinə keçməyi idarə etməyə çalışmalıdır.

"Bunu maneəsiz etmək istiqamətində çalışacağımıza ümid edirik. Bu zaman investisiyaların prioritetliyi barədə sual yaranır. Bütün ölkələr bunda ümumi faydalara malik birgə regional layihə görərsə, bir araya gələrək hansı dəmir yolu xəttində cəmləşməli olduğumuzu və harada yolları yaxşılaşdıracağımızı müzakirə etməliyik. Misal üçün, Dünya Bankı Gürcüstanda uzun illər ərzində Orta Dəhlizin bir hissəsinə çevriləcək Şərq-Qərb avtomagistralına investisiya qoyub", - deyə Prays vurğulayıb.

O, Dünya Bankının Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması barədə danışıqlar apardığını qeyd edib.

"Hamının (ölkələr qrupu və ya inkişaf üzrə tərəfdaş institutun digər tərəfdaş institutlarla) bir yerə toplaşması heç də mütləq deyil, çünki bu investisiyalar son dərəcə mühüm olacaq", - deyə o əlavə edib.

Prays əlavə edib ki, Dünya Bankının bu təşəbbüslərin icrası üçün prioritet investisiyaları və əməkdaşlıq vasitələrini müəyyənləşdirmək məqsədilə inkişaf üzrə digər tərəfdaşlarla, eləcə də ölkələrlə danışıqlar masası arxasına keçməyə ümid edir.

"Hazırladığımız hesabatın bunun üçün başlanğıc nöqtəsi olacağına ümid edirik və Dünya Bankı bu məqsədlərin əldə olunmasında ölkələrə kömək göstərməyə çox sadiqdir", - Prays deyib.

Azərbaycanla yeni çərçivə tərəfdaşlıq sənədi

"Dünya Bankının Azərbaycan hökuməti ilə münasibətlərində dinamik mərhələni əks etdirən vaxt gəlib çatıb. Hökumətə münasibətləri daha da inkişaf etdirmək üçün bu imkanın yaradılmasına görə minnətdarıq", - deyə o qeyd edib.

Regional direktorun sözlərinə görə, bu həm də geosiyasi planda və dekarbonizasiya istiqamətində qlobal hərəkat nöqteyi-nəzərindən dinamik məqamdır.

"Azərbaycan öz fokuslanması və karbohidrogenlərlə zənginliyi sayəsində mühüm uğurlar əldə etmiş ölkədir və artıq energetikaya keçid və onun idarə olunmasına uyğunlaşmağa imkan yaradan faktorlardan biri qismində çıxış edərək, üstünlüyə malik ola bilər", - deyə Prays vurğulayıb.

O, özəl sektorun inkişafının Dünya Bankı və Azərbaycanla yeni tərəfdaşlıq çərçivəsində əsas sütunlardan biri olacağını qeyd edib.

"Bu yaxında nəqliyyat və rəqəmsal inkişaf naziri ilə apardığım söhbətlərdən birində o hökumətin şəhərlərin yaşıllaşdırılması üzrə möhtəşəm planlarını bölüşüb və biz buna çox şadıq. Qarşımdakı gördüyüm bu ölkədə iddialı islahatlar proqramını həqiqətən əks etdirən imkanlar siyahısıdır. İnanıram ki, bu Azərbaycanı müxtəlif inkişaf mənbələrini öyrənməklə yeni üfüqə çıxaracaq. Bütün bu keçidlər ənənəvi karbohidrogen mənbələrindən kənarlaşmağa imkan verir", - Prays deyib.

O, bununla əlaqədar olaraq Azərbaycan üçün daha çox iqlim nöqteyi-nəzərindən imkanların yaradılmalı olduğunu qeyd edib.

"Bizim perspektivimiz ondan ibarətdir ki, Azərbaycan iqlim sahəsində tədbirləri yeni inkişaf mənbələrinə çevirməklə qazıntı yanacağı ixrac edən ölkələr arasında ilklərdən biri ola bilər. Yüksək gəlirlər əldə etmək imkanı var. Külək və günəş enerjisi imkanlarından, həqiqətən, istifadə edə bilsək, Azərbaycan mühüm gəlirlər əldə edə bilər. Bu gəlirlərdən ölkənin ümumi iqtisadi inkişafını təşviq etmək üçün istifadə etmək olar", - deyə o aydınlıq gətirib.

Prays, həmçinin, Dünya Bankının bu prosesdə ölkənin tərəfdaşı olmağı planlaşdırdığını vurğulayıb.

"Bu müddət ərzində analitikaya böyük diqqət ayırmışıq. Hazırda hökumətin investisiyaları reallaşdırmağa hazır olduğunu bildirdiyi nöqtəyə gəlib çatmışıq. Hazırda bank müxtəlif istiqamətlərdə, o cümlədən, bərpa olunan enerji, şəhərlərin yaşıllaşdırılması və dəmir yollarının rəqəmsallaşdırılması üzrə hökumətlə qarşılıqlı fəaliyyət göstərir. Biz ölkələrlə yeni tərəfdaşlıq strukturumuzu müəyyənləşdirmək prosesindəyik, daha sonra istiqamətimizi aydın şəkildə təyin edəcəyik. Mənim məqsədim Azərbaycan hökumətinə və xalqına xidmət etməkdir. Birlikdə bu müddət ərzində irəliləyəcəyimiz istiqamətləri dəqiq müəyyən edəcəyik", - deyə Roland Prays sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti