Bakı. Trend:
Kapital Bank yaxın zamanda manat istiqrazları buraxacaq.
Trend xəbər verir ki, bunu mətbuat konfransı zamanı Kapital Bankın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.
"Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi hədəfləyir. Bu istiqamətdə işlər var və mən artıq manat istiqrazlarımızın anonsunu edə bilərəm", - deyə o bildirib.
Onun sözlərinə görə, daha öncə Kapital Bank 35 milyon dollar həcmində 7 faizlə istiqraz buraxıb.
"Bu, dollar istiqrazları üzrə indiyə kimi təklif edilən ən yüksək gəlirlilikdir. İstiqrazların nominal dəyəri 100 dollar, faiz ödəniş dövrü hər 90 gündən bir, tədavül müddəti isə 7 ildir. Yerləşdirmə artıq başa çatıb. Mən xüsusən bir məqamı qeyd etmək istəyirəm ki, fiziki şəxslər tərəfindən təqdim edilən sifarişlərin həcmi son iki illə müqayisədə rekord nəticəyə 81,8 faizə çatıb. Bu, fiziki şəxslərin maliyyə bazarına cəlb edilməsi istiqamətində uğurlu nəticədir", - deyə Fərid Hüseynov bildirib.
Fərid Hüseynov qeyd edib ki, Kapital Bank daha öncə də analoji istiqrazların buraxılışını etmişdi.
"Sadəcə bu, banka məxsus kütləvi təklif olunan ilk subordinasiya istiqrazlarıdır. Sürətli böyüyən banklar aktivlərin davamlı böyüməsini dəstkələmək, adekvatlıq əmsallarını daim yüksək həddə saxlamaq və ümumilikdə uzunmüddətli strateji hədəflərə çatmaq üçün daim subordinasiya istiqrazlarına üz tuturlar", - deyə o əlavə edib.