Bakı. Trend:
Bu gün "rəqəmsal körpü" sisteminə Azərbaycanın 70-dən çox dövlət qurumu və 100-dən çox informasiya sistemi inteqrasiya olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.
“Rəqəmsal hökumətin digər mühüm komponentlərindən biri də dövlət qurumları arasında məlumat mübadiləsini yaxşılaşdıran “Rəqəmsal körpü” layihəsidir. Bu gün bu sistemə 70-dən çox dövlət qurumu və 100-dən çox informasiya sistemi inteqrasiya edilib ki, bu da 1 milyarddan çox əməliyyatın həyata keçirilməsinə imkan yaradır", - S.Məmmədov bildirib.
Onun sözlərinə görə, rəqəmsal sənəd dövriyyəsi Azərbaycanda kağızsız idarəetməyə doğru atılan növbəti addımdır.
“COP29 konfransına ev sahibliyi edən bir ölkə kimi biz dayanıqlı və innovativ təcrübələrə üstünlük veririk. Hər ay 500 000-dən çox kağıza qənaət edilməsi, dövlət qurumlarında rəqəmsal sistemin tətbiqi sayəsində mümkün olub, bu isə ildə 2 000 ağacın qorunmasına bərabərdir. Biz bu sistemə özəl sektoru da cəlb etmək üçün əməkdaşlıq edirik", - o bildirib.
Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.