Bakı. Trend:
Hazırda "yaşıl" istiqrazların buraxılışı ilə bağlı qanunvericilik bazası Azərbaycan hökumətinin təsdiqi mərhələsindədir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
"Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni öyrənərək qlobal səviyyədə tanınmış standartlara və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza işlənib hazırlanmışdır. Layihə artıq hökumətə təqdim edilib", - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Bakı Fond Birjası (BFB) öz platformasında "yaşıl" istiqrazların yerləşdirilməsinə dəstək verməyə hazır olduğunu bəyan etmişdi.
Bildirilib ki, hazırda üçə yaxın Azərbaycan şirkəti "yaşıl" istiqrazların buraxılışını planlaşdırır.