Bakı. Trend:
Ötən ilin ilk 11 ayında Azərbaycana 121,2 ton miqdarında neft bitumu idxal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda neft bitumu idxalının dəyəri 38,2 min ABŞ dolları olub. Bu göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 32,9 ton (21,3%) az, dəyər ifadəsi ilə 3,46 min ABŞ dolları (10%) çoxdur. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan neft bitumunun miqdarı 154,1 min ton, dəyəri 34,74 min ABŞ dolları olub.
Ötən ilin bəhs olunan dövründə Azərbaycana neft bitumu Rusiya və İraqdan idxal edilib. Rusiyadan 23,14 ton miqdarında, 7,25 min ABŞ dolları dəyərində, İraqdan isə 98,06 ton miqdarında, 30,95 min ABŞ dolları dəyərində neft bitumu gətirilib.
Hesabat dövründə Azərbaycandan xaricə 1 191 ton miqdarında, 220 min ABŞ dollarında neft bitumu ixrac edilib ki, bu da, illik müqayisədə miqdar ifadəsi ilə 527 ton (31%), dəyər ifadəsi ilə 201 min ABŞ dolları (47,7%) az olub. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycandan ixrac olunan neft bitumunun miqdarı 1 718 ton, dəyəri isə 421 min ABŞ dolları olub.
Qeyd edək ki, ötən ilin hesabat dövründə Azərbaycandan yalnız Gürcüstana neft bitumu ixrac edilib.